XİN: Ermənistan sülh prosesinə ciddi yanaşdığını sübut etmək üçün təxribatçı addımlardan çəkinməlidir
Ermənistan tərəfinin son bir neçə gün ərzində Silahlı Qüvvələrimizin bölmələrinə qarşı müntəzəm şəkildə törətdiyi hərbi təxribatlardan, müxtəlif istiqamətlərdə hərbi qüvvələr cəmləşdirmək kimi addımlarından fikir yayındırmaq məqsədilə Ermənistan Xarici İşlər Nazirliyinin ölkəmizi məqsədyönlü şəkildə vəziyyəti gərginləşdirməkdə təqsirləndirməsi qəbuledilməzdir və onların bu iddialarının heç bir əsası yoxdur.
Fhnews.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Ayxan Hacızadənin Ermənistan Xarici İşlər Nazirliyinin son hərbi təxribatlar ilə bağlı bəyanatına dair şərhində bildirilib.
Mətbuat katibi qeyd edib: “Azərbaycanla sərhədyanı bölgələrdə Ermənistan tərəfindən hərbi istehkamlar qurulmasının hərbi islahatlar ilə əlaqələndirilməsinə bununla yanaşı, Ermənistan tərəfindən kütləvi silahlanma siyasətinin onların suveren hüququ olması barədə fikirlərə gəldikdə, məhz nəyə görə Ermənistan tərəfindən bu addımların atılmasının qeyri-legitim olduğu və ölkəmizə qarşı təhlükə yaratdığı hər kəsə aydın olmalıdır. Belə ki, Ermənistan Konstitusiyasında, habelə bir sıra qanunvericilik aktlarında Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı davam edən iddialar, revanşizm cəhdlərinin mövcudluğu ölkəmizə qarşı Ermənistandan irəli gələn təhdidlərin miqyasını nümayiş etdirir. Bundan əlavə, Ermənistanda hərbi imkan olan zaman, bu ölkənin Azərbaycanın suveren ərazilərini 30 il ərzində işğal etdiyi nəzərə alınaraq, Ermənistana əlavə hərbi güc qazandırmaq səylərinin onların yeni gərginlik və təhdid mənbəyinə çevrilməsinə şərait yaradacağı şübhə doğurmamalıdır”.
A.Hacızadə vurğulayıb ki, Ermənistandan fərqli olaraq, Azərbaycan tam hərbi üstünlüyü ilə suveren ərazilərini beynəlxalq hüquqa uyğun şəkildə işğaldan azad etdi və Ermənistanın ərazilərinə qarşı təhdid törətmədi. Qeyd edilən çağırışlar fonunda, müxtəlif bəhanələr gətirməklə Ermənistanın aqressiv silahlanması təhdid mənbəyidir və Ermənistana bu təhlükəli yoldan çəkinməyə çağırış edilməsi zəruridir.
“30 il ərzində məhz tərəf olduğu beynəlxalq müqavilələr və silahlara nəzarət mexanizmləri çərçivəsində öhdəliklərini kobud şəkildə pozan, ərazilərimizin işğalı müddətində əksər hərbi texnikasını və silah sistemlərini ölkəmizin ərazisində qeyri-qanuni yerləşdirməklə onları beynəlxalq silahlara nəzarət mexanizmlərindən gizlədən, bu gün dəfələrlə istinad etdiyi Alma-Ata Bəyannaməsinə zidd olaraq Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə hörmət etməyən Ermənistan tərəfinin indi silahlara nəzarət və hücum etməmək paktı kimi qeyri-ciddi fikirlər səsləndirməsi siyasi manipulyasiyadır. Ermənistan sülh prosesinə ciddi yanaşdığını sübut etmək üçün ziddiyyətli bəyanatlar və təxribatçı addımlardan çəkinməli, beynəlxalq hüququn norma və prinsiplərinə hörmət bəsləməlidir. Azərbaycan öz növbəsində bölgədə ona qarşı təhdidlərin qarşısını ciddi şəkildə alacaq, sülh və quruculuq səylərini davam etdirəcək”, - deyə mətbuat katibi vurğulayıb.
Aİ-nin ali nümayəndəsi...
Milli Məclis sədrinin müavini TBMM-in...
Pakistanın Hüquq və Ədalət...
Azərbaycanın xarici işlər naziri...
Azərbaycan, Türkiyə və Gürcüstan...