22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Xarici dövlətlərdə ali təhsil almış şəxslər peşə tanınması üzrə imtahan verəcəklər

23-04-2024

Mayın 4-də xarici dövlətlərdə ali təhsil almış şəxslər üçün peşə tanınması üzrə növbəti imtahan keçiriləcək.

Fhnews.az xəbər verir ki, Dövlət İmtahan Mərkəzindən  verilən məlumata görə, saat 10:00-da başlanacaq imtahan kompüterlər vasitəsilə keçiriləcək. İştirakçılar imtahanın başlanma vaxtına ən az bir saat qalmış şəxsiyyəti təsdiq edən sənədin əsli ilə birlikdə imtahan binasının önündə olmalıdırlar.

İmtahanda iştirakçılara 30 test tapşırığı təqdim olunur. Hər doğru cavab bir balla, səhv və ya cavab verilməyən tapşırıqlar sıfır balla qiymətləndirilir. Ərizəçinin imtahanda müvəffəqiyyət qazanması üçün ən azı 15 bal toplaması tələb olunur.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”na əsasən müəllimlik, mühəndislik və hüquq ixtisasları üzrə ərizəçinin Elm və Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən Təhsildə Keyfiyyət Təminatı Agentliyinin sifarişi ilə Dövlət İmtahan Mərkəzinin təşkil etdiyi imtahanda müvəffəqiyyət qazanması (keçid balını toplaması) tələb olunur.

İmtahanın məzmunu, vaxtı, imtahan nəticələrinin qiymətləndirilməsi qaydası və keçid balı Agentliklə razılaşdırılmaqla DİM tərəfindən müəyyənləşdirilir. Ərizəçilər ixtisasları üzrə proqramla DİM-in saytından tanış ola bilərlər.

Təqdim edilən proqram üzrə ərizəçilərin ixtisas biliklərinin yoxlanılması ilə yanaşı, onların ümumpeşə biliklərinin müəyyən edilməsi, məntiqi düşünmə və situasiya-mühakimə test tapşırıqları vasitəsilə davranış səriştələrinin qiymətləndirilməsi də nəzərdə tutulur.

Paylaş: