23 noyabr 2024, şənbə Bakı, 13°C
IMG-LOGO

Xaricdən sifariş olunan malların istehlakçılara çatdırılması xidmətini həyata keçirən sahibkarlarla görüş keçirilib

01-07-2024
IMG

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətində xaricdən sifariş olunan malların istehlakçılara çatdırılması xidmətini həyata keçirən sahibkarlıq subyektlərinin nümayəndələri ilə maarifləndirici görüş keçirilib.

Fhnews.az xəbər verir ki, Dövlət Xidmətindən verilən məlumata görə, görüş zamanı iştirakçılara istehlakçılardan daxil olmuş müraciətlər, habelə mediada yayılmış məlumatlar əsasında Dövlət Xidməti tərəfindən aparılmış araşdırmaların nəticələri barədə məlumat verilib. Qeyd edilib ki, istehlakçıların hüquqlarının pozulması halları daha çox bağlamaların öncədən bəyan edilən müddətdə və düzgün çatdırılmaması, daşıma tariflərinin qanunvericiliyin tələblərinə uyğun göstərilməməsi, o cümlədən sifariş verilən məhsulların qüsurlu çatdırılması ilə bağlı olub. Vurğulanıb ki, müraciətlər arasında hesablanmış daşıma haqqının şirkət tərəfindən tətbiq edilən tariflərə uyğun olmaması, çatdırılması həyata keçirilməyən və ya şirkət tərəfindən itirilmiş bağlamaların dəyərinin geri qaytarılmamasına dair hallara rast gəlinib.

Tədbir zamanı təqdim olunan xidmətlərin qiymətlərinin manatla göstərilməsi, daşıma tarifləri barədə istehlakçılara dəqiq və düzgün məlumat verilməsi və fəaliyyətləri zamanı istifadə olunan ölçmə vasitələrinin dövri yoxlamadan keçirilməsinin zəruriliyi sahibkarların diqqətinə çatdırılıb.

Maarifləndirici görüşdə sahibkarların öhdəlikləri diqqətə çatdırılıb, müvafiq sahədə qanunvericiliyin tələbləri barədə ətraflı izahlar verilərək, onların sualları cavablandırılıb və fəaliyyətlərində nöqsanların aradan qaldırılması tövsiyə edilib. Bundan əlavə, istehlakçı yönümlü davranış sərgiləməklə xidmətalma mühitinin formalaşdırılması və müştəri məmnuniyyətinin təmin edilməsinin vacibliyi qeyd olunub.

Bildirilib ki, Dövlət Xidməti tərəfindən istehlakçı hüquqlarının müdafiəsi və istehlak bazarına nəzarət sahəsində həyata keçirilən tənzimləyici tədbirlər norma və qaydalara riayət olunmasına, mal, iş və xidmətlərin keyfiyyət və təhlükəsizlik tələblərinə uyğunlaşdırılmasına hədəflənib.

Sonda istehlakçıların mənafelərinin qorunması istiqamətində sahibkarların rolunun artırılması, bu sahədə cari vəziyyət və qarşıda duran məsələlər haqqında qarşılıqlı fikir mübadiləsi aparılıb.

Paylaş: