4 dekabr 2024, çərşənbə Bakı, 7°C
IMG-LOGO

Vyanada “Müstəmləkəçilikdən qurtuluş: assimilyasiyanın nəticələri və onun insan hüquqlarının həyata keçirilməsinə təsiri” adlı konfrans keçirilib  YENİLƏNİB 

30-04-2024
IMG

Bakı Təşəbbüs Qrupunun (BTQ) təşkilatçılığı ilə ötən il sentyabrın 22-də BMT-nin Nyu-Yorkdakı və dekabrın 14-də isə Cenevrədəki qərargahlarında keçirilən kolonializmə və onun yeni təzahürlərinə qarşı mübarizəyə həsr olunmuş silsilə tədbirlər təşkilatın Vyana ofisində davam edib.

Fhnews.az AZƏRTAC-a istinadən xəbər verir ki, aprelin 30-da BMT-nin Vyana ofisində “Müstəmləkəçilikdən qurtuluş: assimilyasiyanın nəticələri və onun insan hüquqlarının həyata keçirilməsinə təsiri” mövzusunda konfrans təşkil olunub.

Konfransda BMT-nin Vyana bölməsində akkreditə olunan 25 ölkənin diplomatları, 20-dək səfir, 20 ölkənin, xüsusilə də Fransanın hələ də müstəmləkə altında saxladığı dənizaşırı ərazilərin – Yeni Kaledoniya, Fransız Polineziyası, Fransız Qvianası, Martinika, Qvadelupa, Vallis və Futuna, Korsika, Qəmər Adaları İttifaqı, Haiti kimi ölkələrin milli hərəkatlarının rəhbərləri və müstəqillik tərəfdarları, müstəqil ekspertlər, beyin mərkəzlərinin nümayəndələri, həmçinin yerli və xarici media təmsilçiləri iştirak ediblər.

Konfrans çərçivəsində “Assimilyasiya siyasətinin yerli icmalara mənfi təsiri”, “Dekolonizasiya prosesində hüquqi çərçivələr və beynəlxalq öhdəliklər çərçivəsində insan hüquqlarının inkişafı” və “Məcburi köçün sütunu kimi ətraf mühitə süni təsirlər” mövzularında üç paneldə müzakirələr aparılıb.

Müstəmləkəçiliyin mənfi təsirləri, yerli icmalar üzərində assimilyasiya siyasəti

“Müstəmləkəçiliyin mənfi təsirləri, yerli icmalar üzərində assimilyasiya siyasəti” adlı ilk panel iclasında Fransanın müstəmləkələrindən, eləcə də dünyanın müxtəlif universitetlərinin tədqiqatçıları mövzu üzrə çıxışlar ediblər. Onlar assimilyasiya siyasətinin yaratdığı böyük problemlərdən danışıblar. Bildirilib ki, Fransanın müstəmləkəçilik siyasəti əhalinin assimilyasiyasına və xalqların mədəniyyətinin inkar edilməsinə əsaslanır. “Fransa istəyir ki, biz - müstəmləkə xalqları “əsl fransız xalqı” olaq və bizə mənşəyimizi xatırladan hər şeyi - ana dilimizi, yurdumuza bağlılığımızı, ata-baba irsimiz və s. İnkar edək”, - deyə assimilyasiya siyasətinə məruz qalan və ona qəti etirazlarını bildirən xalqların nümayəndələri qeyd ediblər. Vurğulanıb ki, assimilyasiya siyasəti Afrika, Məğrib, Asiya, Karib dənizi və Cənubi Amerikadan gələnlər üçün tamamilə fərqlidir, çünki onlar ağdərili və xristian deyillər. Fransa sivil irq və aşağı irq məfhumlarını fərqləndirərək insanları alçaldan siyasət yürüdür. Hətta müxtəlif fransız yazıçıları irqçiliklə bağlı fikirlər səsləndiriblər.

Qeyd edilib ki, assimilyasiya müstəmləkəçiliyin bir növüdür. “Assimilyasiyadan qurtulmaq müstəmləkəçilikdən, onun ideoloji doğmalarından, iqtisadi və sosial sistemindən, siyasi idarəçiliyindən, mədəni təmsilçiliyindən xilas olmaq deməkdir. Bu, cəmiyyətlərimizin yenidən qurulması ilə, üstün irqin, üstün sivilizasiyanın, seçilmiş xalqın mövcud olmadığını nümayiş etdirmək cəhdidir. Bu, həm sağ qalmaq, həm də birlikdə yaşamaq istəyiriksə, yenidən kəşf edilməli olan bir dünyada özümüzü yenidən düşünməkdən ibarətdir”, - deyə Martinika Assambleyasının deputatı, Bakı Təşəbbüs Qrupunun üzvü Lük Fransis Karol söyləyib. O deyib ki, assimilyasiya anlayışı təkcə elmi əsasları olmayan, çox real siyasi, iqtisadi və strateji maraqlara xidmət edən ideoloji təsir vasitəsidir. “Şübhəsiz ki, əsrlər boyu bu ideologiyadan əzab çəkmiş xalqlar və ölkələr bəşər cəmiyyətinin dünyaya və gələcəyə sahib olmaqla bağlı baxışlarını köklü şəkildə dəyişməsi üçün mübarizənin önündə olmalıdırlar. Burada əsas məsələ insanları və dünyanı dəyişmək, daim hörmətsizliyə məruz qalmaqdan xilas olmaq üçün konkret addım atmaqdır”, - deyə F. Karol bildirib.

Milli azlıqların dil məsələləri üzrə fransız tədqiqatçı Rolan Lafitte çıxışında ölkəsində irqçilik probleminin getdikcə artmasından, polisin ərəblər və afrikalılara qarşı haqsızlıqlarından, onların polis tərəfindən əsassız olaraq yoxlamalara məruz qalmalarından söz açıb, bunun hüquqşünaslar tərəfindən sistemli irqçilik adlandırıldığını bildirib. Müsəlmanlara qarşı olan qərəzdən danışan tədqiqatçı bildirib ki, bu, irqçi hərəkatlar çərçivəsində kənara çıxıb və siyasi-media sahəsində adi hala çevrilib. O, ölkəsində baş alıb gedən islamofobiyanın narahatlıq doğurduğunu vurğulayıb.

Fransız jurnalist Jan-Mişel Brən də ölkəsinin müstəmləkəçilik siyasətindən söz açaraq müstəmləkəçilik illərində Əlcəzairdə törədilmiş vəhşiliklərdən, assimilyasiyanın əsl məqsədlərindən danışıb. Bildirib ki, müstəmləkə xalqları assimilyasiya adı altında əcdadlarından və ənənələrindən uzaqlaşdırılıb.

“Gwadloup Alyans Nasyonal”ın sözçüsü Natali Minaçi Qvadelupanın hələ də miqrant ölkəsi kimi qaldığını bildirib. Qeyd edib ki, ölkəsində yerli əhalinin sayının azaldılması üçün torpaq və maliyyə vədləri ilə avropalılar Qvadelupada yerləşdirilir. Qvadelupalıların hətta dini ibadətlərinin icrası, doğma dillərində danışmaları da qadağan edilib. N. Minaçi bildirib ki, Fransa müstəmləkəçiliyi subkultural kimi təsvir edilən digər mədəniyyətləri və dilləri məhv etmək məqsədi daşıyır.

Dekolonizasiya prosesində hüquqi çərçivələr və beynəlxalq öhdəliklər vasitəsilə insan hüquqlarının inkişafı

“Dekolonizasiya prosesində hüquqi çərçivələr və beynəlxalq öhdəliklər vasitəsilə insan hüquqlarının inkişafı” mövzusunda ikinci paneldə Fransanın müstəmləkələrinin nümayəndələri və müxtəlif universitetlərin bu mövzu üzrə tədqiqatçıları çıxış edərək, hüquqi çərçivələrə və beynəlxalq öhdəliklərə baxmayaraq, müstəmləkə altında olan ölkələrdə, xüsusilə də Fransanın assimilyasiya siyasəti nəticəsində yaranan böyük problemlərdən danışıb, insan hüquqlarının kobud şəkildə pozulmasına dair müzakirələr aparıblar.

AZƏRTAC xəbər verir ki, konfransın moderatoru, Avropa Parlamentinin sabiq üzvü, Qvadelupa Azadlığı Uğrunda Xalq Birliyinin Baş katibi, Bakı Təşəbbüs Qrupunun Qvadelupadan olan üzvü Jan-Jakob Bisep Fransanın müstəmləkəçilik və assimilyasiya siyasətini bu gün də davam etdirdiyini deyib. Qeyd edib ki, Fransa köhnə koloniyalarında məskunlaşdırdığı qürbətçi vətəndaşlarına güvənir, öz vətəndaşlarına ali irqə məxsus olması düşüncəsini aşılayaraq, onları köhnə koloniyalarında məskunlaşdırmağa təşviq edir. Hətta koloniyalarda idarəetmə və təhsil sistemində fransızların sayı yerli əhalidən çoxdur. Onlar Qvadelupada müəllimlərə və onların birliyinə irqçi yanaşırlar.

Jan-Jakob Bisep vurğulayıb ki, assimilyasiya qvadelupalıların müqavimət qabiliyyətini məhdudlaşdırır. Assimilyasiya siyasəti yerli əhalinin guya Fransasız mövcud ola bilməməsi ideyası üzərində qurulub. Ancaq Fransanın bu siyasəti Qvadelupa xalqını yox etmək məqsədi güdsə də, buna nail ola bilməz. Çünki Kanak, Martinik, Qvineya və digər dənizaşırı ərazilərin xalqları birlikdədir.

Qvineya Ərazisinin vitse-prezidenti Samanta Siryak bildirib ki, Fransanın müstəmləkəçilik siyasəti əhalinin assimilyasiyasına və onların mədəniyyətinin inkar edilməsinə əsaslanır. Ölkəsinin hələ də fransız prefektləri tərəfindən idarə olunmasına etirazını ifadə edən S.Siryak assimilyasiyanın dağıdıcı nəticələrindən söz açaraq deyib: “Assimilyasiya siyasəti fransız müstəmləkələrinin yerli əhalisinə də tətbiq edilərək, onları Fransa vətəndaşlarına çevirmək məqsədi daşıyırdı. Qvineyada fransız müstəmləkəçiliyi yerli əhaliyə dağıdıcı təsir göstərdi. Yerli əhali xristianlığı qəbul etməyə, öz mədəniyyətindən imtina etməyə və təcrid olunmuş rezervasiyalarda yaşamağa məcbur olurdular. Beləliklə, Amazoniyanın ilk xalqlarının yerli kimliyini silmək məqsədi daşıyan məcburi assimilyasiya və özgəninkiləşdirmə sistemi olan “Hindistan evləri” meydana çıxdı. Bu dövr ailələri dağıtdı və bir neçə nəslin sabitliyini pozdu”.

Martinik Xalq Komitələri Milli Şurasının üzvü, “Ase Plere Annou Lite” hərəkatının üzvü Edmona Mondezir, Vallis və Furtuna adalarından olan siyasi, sosial-iqtisadi məsələlər üzrə ekspert Jimi Vakolyafa, Fransız Qvineyasının Sosial azadlıq və dekolonizasiya hərəkatının siyasi bürosunun təsisçisi və üzvü, eləcə də Bakı Təşəbbüs Qrupunun üzvü Moris Pəndard, ABŞ-dan olan idarəetmə üzrə beynəlxalq müşavir Karlayl Korbin, Beynəlxalq Sülh Araşdırmaları üzrə Cenevrə İnstitutunun katibi İşem Lehmici çıxışlarında assimilyasiya siyasətinin ağır nəticələrindən, eləcə də müstəmləkəçiliyin yerli icmalar üzərində mənfi təsirindən söz açıb, bu prosesə məruz qalmış insanların hüquqlarının müdafiəsinə və həll yollarına dair fikir mübadiləsi aparıblar.

Çıxışlarda assimilyasiya siyasətinin yerli əhalini öz mədəniyyətindən, adət-ənənələrindən, dilindən mərhum etmək, beləliklə onları köklərindən, tarixlərindən uzaqlaşdırmaq məqsədi daşıdığı vurğulanıb.

Məcburi köçün sütunu kimi ətraf mühitə süni təsirlər

Tədbirin “Məcburi köçün sütunu kimi ətraf mühitə süni təsirlər” adlı üçüncü panelində ənənəvi zonalar və ekoloji təsirlər, iqlim dəyişikliklərinə qarşı mədəni davamlılıq, sosial-iqtisadi amillərin qarşılıqlı təsiri, siyasi müdaxilələr və davamlı həllər mövzuları üzrə müzakirələr aparılıb.

Korsika Assambleyasının sabiq prezidenti, “Nazione” müstəqillik hərəkatının üzvü, Bakı Təşəbbüs Qrupunun üzvü Jan Gi Talamoninin moderatorluğu ilə keçirilən tədbirdə müstəqil Martinika uğrunda ətraf mühit tərəfdarları və demokratlar hərəkatının sədr müavini, Bakı Təşəbbüs Qrupunun üzvü üzvü Klodet Düamel, Yeni Kaledoniya parlamentinin qadın hüquqları və ailə komitəsinin sədr müavini Marelin Sakiia, Korsikanın Poggio di Venaco şəhərinin meri, “Nazione” müstəqillik hərəkatının və Bakı Təşəbbüs Qrupunun üzvü Jan Mark Rodrige, Tavini Huiraatira partiyasının siyasi məsələlər üzrə direktoru Riçard Tuehivana və həmin partiyanın baş katibi Viktor Mamatuaiahutapu çıxış ediblər. Onlar mövzularla bağlı ətraflı məlumat veriblər. Sonra müzakirə olunan məsələlər ətrafında fikir mübadiləsi aparılıb, bu sahədə mövcud vəziyyət haqqında danışılıb.

***

Qeyd edək ki, tədbirdə bu gün Fransanın tərkibindəki subyektlərə qarşı tətbiq etdiyi assimilyasiya konsepsiyası iki əsas xətt üzrə təhlil olunub, müstəmləkəçilliyin yerli icmalar üzərindəki mənfi təsirlərinə və bu prosesə məcbur qalan insanların hüquqlarının müdafiəsinə dair fikir mübadilələri aparılıb. Bu tədbirin Fransanın keçmiş və hazırkı koloniyalarından gəlmiş iştirakçılar tərəfindən gənc nəsillər üçün yerli mədəniyyətin qorunub saxlanmasına və maariflənməyə yönəlmiş gələcək layihələrin işlənilməsi istiqamətində mühüm başlanğıc olduğu vurğulanıb.

Konfrans çərçivəsində əlaqələrin inkişaf perspektivlərinin müəyyənləşdirilməsi və əməkdaşlığının genişləndirilməsi məqsədilə Fransız Polineziyasının “Tavini Huiraatira” siyasi partiyası ilə Bakı Təşəbbüs Qrupu arasında memorandum imzalanıb.

Sonda Bakı Təşəbbüs Qrupunun təklifi ilə ATƏT-in media azadlığı nümayəndəliyinə, eləcə də onun Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosuna açıq məktub ünvanlanıb.

Qeyd edək ki, konfransda Bakı Təşəbbüs Qrupunun müstəmləkə altında olan ölkələrdə rastlaşılan problemlər, polis zorakılığı barədə videoçarx nümayiş olunub.

Xatırladaq ki, Bakı Təşəbbüs Qrupu müstəmləkəçilik və yeni müstəmləkəçilik istiqamətində əsaslı mövqe ortaya qoyaraq Fransanın xaricdəki müstəmləkələrinin apardığı ədalətli mübarizəsini dəstəkləməyə davam edir.

Paylaş: