22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Volf-Raye tipli ulduzlar kainatın ekzotik obyektlərindən sayılırlar

20-03-2024

Təxminən 150 il bundan əvvəl kəşf olunmuş Volf-Raye tipli ulduzlar kainatın ekzotik obyektlərindən sayılırlar. Bu obyektlər sürətlə təkamül edərək öz hidrogen təbəqəsini itirmiş parlaq, çox isti və massiv ulduzlardır. Müşahidələr artıqca yeni-yeni ulduzlar kəşf olunur, kəşf olunan ulduzların bəziləri ilk baxışda Volf-Raye spektrinə malik olmaqlarına  baxmaraq klassik Volf-Rayelərdən tamamilə fərqlənirlər.

Fhnews.az shao.az saytına istinadən xəbər verir ki, hal-hazırda bizim Qalaktikada klassik Volf-Raye ulduzlarının sayı cəmi 669 ədəddir. Ehtimal olunur ki, onların sayı məlum olan saydan 2 dəfə çoxdur. Massiv olduqları üçün ömürləri çox qısa – bir neçə milyon il olan bu ulduzlar aktiv ulduzəmələgəlmə prosesi gedən spiral qollarda yerləşirlər. Bu isə o deməkdir ki, həmin bölgədəki qaz-tozun sıxlığı onları optik oblastda görünməz edir. Bu zaman isə astronomların köməyinə infraqırmızı oblastdakı müşahidələr gəlir. Lakin bəzən  aşkar olunan ulduzların da spektri Volf-Rayelərə bənzəsə də, onların tamamilə fərqli obyektlər olduğu aşkar olunur.  Bu hadisə Volf-Raye fenomeni adlanır. Tədqiqat qrupunun araşdırmasından sonra məlum olub ki, bu tip obyektlərdən biri də  J040901.83+329355.6  ulduzudur.

Yerdən 2500 parsek məsafədə, Persey bürcü istiqamətində yerləşən  J040901.83+329355.6  ulduzu ilk dəfə 2015-ci ildə  Lamost databazasına əlavə olunub. Obyekt müxtəlif müəlliflər, maşın dili alqoritmləri vasitəsilə azot ardıcıllığına məxsus klassik Volf-Raye (WN), sonra isə kataklizmik yeni ulduz və  RR  lira tip dəyişən ulduz kimi təsnifləşdirilmişdir. Bu cür müxtəlif təsnifləşdirmə obyektin daha mürəkkəb olduğunu göstərirdi  və yenidən araşdırılması üçün ehtiyac var idi.

2022-ci ildə POEMS (HORİZON 2020) grant layihəsi çərçivəsində Çexiya Akademiyasıının Astronomiya İnstitutu, N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası (ŞAR) və digər qrup üzvləri ilə birgə obyektin tədqiqinə başlanmışdır.

İlk olaraq ulduzun qalaktikadakı mövqeyinə və məsafəsinə baxan müəlliflər ulduzun Volf-Raye ulduzları üçün xarakterik olmayan “boş sahədə”  və HR diaqramda klassik Volf-Rayelərdən çox aşağıda yerləşdiyini müəyyən ediblər. Lakin databazalardan götürülmüş fotometrik müşahidə materialları əsasında ulduzun parlaqlığının dəyişməsində periodiklik aşkar olunmayıb. 

Ulduzun spektri modelləşdirildikdən sonra məlum oldu ki, obyektin yanlış təsnif olunmasına spektral xətlərin identifikasiyasında baş verən xətalar səbəb olub. Optik və infraqırmızı oblastda müşahidə olunan güclü “qızarma” isə ulduzlararası mühitdən əlavə, ulduzun ətrafında böyük miqdarda tozun olması ilə bağlıdır. Müəlliflər yekun olaraq belə nəticəyə gəliblər ki, J040901.83+329355.6 kütləsi təxminən 0,9  Günəş kütləsi olan ulduzdur. O, qırmızı nəhəng mərhələsi ilə planetar dumanlıqla əhatə olunmuş ağ cırtdan mərhələsi arasında tranzit mövqedə yerləşir.  Ətrafında dumanlığı hələ tam inkişaf etmədiyindən, adətən planetar dumanlıqların varlığını göstərən spektral xətlər müşahidə olunmur. Bununla belə, ulduz artıq qaz-toz örtüyü ilə əhatə olunub və  zamanla planetar dumanlığa çevriləcəkdir. Bu maraqlı ulduz, "post-AGB" mərhələsini keçərək planetar dumanlığa doğru istiqamət ala bilən ən kiçik kütləli ulduzlar sırasındadır.

 Qeyd edək ki, tədqiqat işi astronomiya və astrofizika üzrə dünyanın aparıcı elmi jurnallarından hesab edilən İngiltərənin “Monthly Notices of the Royal Astronomical Society” (Kral Astronomiya Cəmiyyətinin aylıq Astronomiya jurnalında)  jurnalında çap olunmuşdur.

Paylaş: