23 noyabr 2024, şənbə Bakı, 13°C
IMG-LOGO

Vaşinqtonda “İqlim maliyyəsi üçün qlobal fəaliyyətin təmin edilməsi üzrə dialoq” mövzusunda tədbir keçirilib

20-04-2024

Beynəlxalq Valyuta Fondu və Dünya Bankı ABŞ-ın Vaşinqton şəhərində COP29 Prezidentliyi tərəfindən “İqlim maliyyəsi üçün qlobal fəaliyyətin təmin edilməsi üzrə dialoq” mövzusunda tədbir keçirib.

Fhnews.az xəbər verir ki, qlobal iqlim məqsədlərinə tez bir zamanda cavab vermək üçün COP29 hökumət, qlobal maliyyə institutları, xeyriyyəçilik təşkilatları və özəl sektor nümayəndələrini bir araya gətirərək belə bir müzakirələr təşkil edib.

COP29-un prezidenti, Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev çıxış edərək iqlimlə bağlı bütün səylərin dəstəklənməsində maliyyənin mühüm rol oynadığını vurğulayıb. O, bu sahədə irəliləyişlərin əldə olduğunu qeyd edərək, eyni zamanda, qlobal maliyyə institutlarına məqsəd və fəaliyyətlərində daha da irəliləmək barədə çağırış edib.

“Qlobal maliyyə institutları bizim yaşamaq üçün əlverişli planet və yoxsulluqdan azad bir dünya yaratmaq niyyətimizlə bağlı artıq müsbət mesajlar veriblər və onlar iqlimlə bağlı öhdəliklərini konkret fəaliyyətlərlə gücləndirirlər”,- deyə COP29-un prezidenti qeyd edib. Onun sözlərinə görə, iqlim maliyyəsini daha geniş miqyasda əlçatan etmək üçün bu qurumlar daha da sürətlə irəliləməlidirlər: “Biz fəaliyyətlərimizi ən mümkün yüksək məqsədlər səviyyəsində aktivləşdirməliyik. Biz dünən edilməsi mümkün olmayanları bu gün etməliyik. Biz tərəfləri bir araya gətirmək, keçmiş vədlərin yerinə yetirilməsinə əmin olmaq və geridə heç nə qoymamaq üçün əlimizdən gələni etməkdə qərarlıyıq”.

Daha sonra BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının icraçı katibi Simon Stiell çıxış edərək iqlim maliyyəsinə investisiya və fürsət düşüncəsi ilə yanaşmağın vacibliyi barədə danışıb.

Barbadosun Baş naziri Mia Mottli xüsusi qonaq qismində çıxış edib və iqlim fəaliyyətləri ilə bağlı müzakirələrin mərkəzinə ən çox təsir edə biləcək şəxslərin yerləşdirilməsinin vacibliyi və “COP Prezidentliyi Üçlüyü”nün təmin edə biləcəyi faydalı davamlılıq barədə fikirlər səsləndirib.

“Bezos Earth” Fondunun Davamlı Maliyyə, Sənaye və Diplomatiya üzrə direktoru Pol Bodnar xeyriyyəçiliyin iqlim maliyyəsi sahəsində irəliləyişdə oynadığı vacib rolu qeyd edib.

Yüzdən çox yüksək səviyyəli iştirakçıları bir araya gətirən tədbirdə COP28 və COP30 prezidentliyinin nümayəndələri, Dünya Bankı Qrupun tərəfdaşları, Rokfeller Fondu, “Bloomberg” Xeyriyyəçilik Təşkilatından olan nümayəndələrin çıxışları ilə davam edib. Afrika Maliyyə Korporasiyası, Afrika İnkişaf Bankı, Asiya İnkişaf Bankı, Avropa Quruculuq və İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, “Net Zero” üçün Qlazqo Maliyyə Alyansı və Dünya Bankı, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı, “Deutsche Bank”, “Bank of Amerika”, “S2G Təşəbbüsləri” və Kvebek Depozit və İnvestisiya Fondunun nümayəndələri panel müzakirələrinə qatılıblar.

Müzakirələrin əsas mövzusu beynəlxalq maliyyə institutlarının və çoxtərəfli inkişaf banklarının iqlim maliyyəsinin əldə edilməsində vasitəçiliyi, korporasiya və institusional investorların iqlim maliyyəsində rolu və xeyriyyəçiliyin iqlim maliyyəsinə təsirləri barədə olub.

COP29-un baş danışıqçısı Yalçın Rəfiyev yekunda tədbirin natiqləri tərəfindən ifadə olunan konsensus səviyyəsindən fikirlərin ruhlandırıcı olduğunu bildirib. “Biz hamımız o fikridəyik ki, indi hərəkətə keçməliyik. İqlim üzrə maliyyənin hazırkı miqyası kifayət qədər deyil. 1,5 ºC-yə gedən yol Bakıdan keçir. Bu, asan həll yolu deyil. Biz inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr, qlobal Cənub və qlobal Şimal arasında, ada və qitə ölkələri arasında inam yaratmalıyıq. COP29-u hər kəsin səsinin eşidildiyini hiss edəcəyi əhatəli mühit olmasını təmin etməyəkdə qərarlıyıq”, - deyə Y.Rəfiyev bildirib.

Paylaş: