ÜST pandemiya ilə uşaqlarda piylənmə arasında əlaqəni göstərib
COVID-19 pandemiyası Avropada məktəbyaşlı uşaqlarda piylənmənin artmasına səbəb olub. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa regionu üzrə ofisi çərşənbə günü yaydığı yeni hesabatda bu mənfi tendensiya ilə bağlı hərəkətə keçmək üçün həyəcan təbili çalıb.
Fhnews.az BMT-nin saytına istinadla xəbər verir ki, 17 ölkədən əldə edilən nəticələrə görə, 7-9 yaş arası oğlan və qızlar ekrana baxmağa daha çox, çöldə oynamağa daha az vaxt sərf edirlər ki, bu da eyni yaş aralığında kilolu uşaqların sayının artmasına səbəb olur. 2020-ci ilin martında dünya miqyasında karantin rejiminin başlamasından sonra 2021-2023-cü illərdə 50 mindən çox azyaşlı arasında sorğu keçirilib.
ÜST-nin hesabatında deyilir ki, bəzi ölkələrdə daha çox ailənin birlikdə yemək yeməsi kimi müsbət dəyişikliklər baş verib, lakin qeyri-sağlam qidalanma vərdişlərinin və oturaq həyat tərzinin artması da daxil olmaqla bəzi neqativ tendensiyalar da var.
Hesabatda uşaqların 36 faizinin karantin günlərində televizora baxmaq, onlayn oyunlar oynamaq və ya sosial mediadan istifadə etmək, 34 faizinin isə həftə sonları ekran qarşısında əylənmək üçün sərf etdikləri vaxtın artdığı ortaya çıxıb. Diqqəti çəkən əsas məqamlar arasında uşaqların 28 faizinin həmin dövrdə gün ərzində açıq havada keçirdikləri vaxtın minimuma enməsi, onların 42 faizinin xoşbəxtlik və rifah halının azalması, hər beş nəfərdən birinin daha tez-tez kədərləndiyini bildirməsi faktları yer alıb.
ÜST ümidvardır ki, bu hesabat region ölkələrini sağlam davranışları dəstəkləyən mühit yaratmaqla yanaşı, həm də qidalanma və fiziki aktivliyi yaxşılaşdırmaq istiqamətində təcili tədbirlər görməyə sövq edəcək. Təşkilatın Qidalanma və Uşaqların Piylənməsi üzrə Əməkdaşlıq Mərkəzinin rəhbəri, hesabatın həmmüəllifi Ana Rito bildirib ki, region dövlətləri qlobal pandemiyaya əsaslanan davranış dəyişikliklərinin problemli nəticələrinə dair konkret sübutlarla təchiz edilib. Onun sözlərinə görə, pandemiya uşaqlarda piylənmə ilə mübarizənin aktuallığını üzə çıxarıb və ölkələr bütün azyaşlılar üçün sağlam qidalanma və fiziki fəaliyyətə üstünlük vermək istiqamətində tədbirlər görməlidir. ÜST qeyri-sağlam məhsullara marketinq məhdudiyyətləri və vergilər, qidalar üzərində dəqiq qidalanma etiketləri, pəhrizləri yaxşılaşdırmaq və fiziki fəaliyyəti təşviq etmək üçün məktəblər üçün nəzərdə tutulan proqramlar hazırlamaq kimi tədbirləri tövsiyə edib.
Braziliya rəsmisi: Meşələrin qorunması...
Qətər rəsmisi: Azərbaycanla əlaqələr...
Audiovizual Şura platforma...
COP29-da Ermənistanın ərazilərimizdə...
COP29 çərçivəsində SPECA İqlim Ağıllı...