UNESCO: Qlobal ekoloji məsələləri işıqlandıran jurnalistlərin 70 faizi hücuma məruz qalıb
UNESCO-nun hazırladığı yeni hesabatda ətraf mühit və iqlimin pozulması ilə bağlı reportajlar hazırlayan jurnalistlərə qarşı zorakılıq və hədə-qorxuların artması barədə xəbərdarlıq edilib. Təşkilat qeyd edib ki, son 15 ildə ən azı 749 jurnalist və ya ətraf mühitlə bağlı xəbərlər yayımlayan media orqanları hücuma məruz qalıb və bu müddət ərzində onlayn dezinformasiya kəskin şəkildə artıb. UNESCO ətraf mühitlə bağlı jurnalistlərə daha güclü dəstəyə və rəqəmsal platformaların daha yaxşı idarə olunmasına çağırıb.
Fhnews.az təşkilatın saytına istinadla xəbər verir ki, “Mətbuat və planetimiz təhlükə altındadır” adlı yeni hesabatda 2009-2023-cü illər ərzində ətraf mühitlə bağlı mövzularda reportaj hazırlayan ən azı 749 jurnalistin və xəbər media orqanının qətl, fiziki zorakılıq, həbs, onlayn təqib və ya hücumlara məruz qaldığı aşkar edilib. Həmin müddətdə media əməkdaşlarına qarşı 300-dən çox hücum halları baş verib ki, bu da əvvəlki beşillik dövrə (2014-2018) nisbətən 42 faiz artım deməkdir.
UNESCO bu il mayın 2-4-də Çilinin paytaxtı Santyaqoda keçiriləcək 2024-cü il Ümumdünya Mətbuat Azadlığı Günü Qlobal Konfransında təqdim etdiyi hesabatında problemin qlobal xarakter daşıdığını, dünyanın bütün bölgələrində olan 89 ölkədə hücumların baş verdiyini vurğulayıb.
Təşkilatın tərtib etdiyi qətlə yetirilən jurnalistlərin siyahısında son 15 ildə ətraf mühit problemlərini araşdıran ən azı 44 jurnalistin olduğu qeyd edilib. Bu qətlləri törədənlərin cəmi 6 nəfəri ağır cəza alıb, cəzasızlıq nisbəti isə demək olar ki, 90 faiz təşkil edir. Eyni zamanda, hesabatda 353 insidentdə fiziki hücumun digər formalarının da üstünlük təşkil etdiyi göstərilib. Hesabat dövründə ekoloji jurnalistlərə qarşı hücumların da 85 haldan 183-ə yüksəldiyi bildirilib.
2024-cü ilin martında UNESCO tərəfindən 129 ölkədən 900-dən çox ekoloji jurnalistin iştirakı ilə keçirilən məsləhətləşmədə media nümayəndələrinin 70 faizi öz xəbərləri ilə bağlı hücumlara, təhdidlərə və ya təzyiqlərə məruz qaldıqlarını bildirib. Bunların arasında hər beş nəfərdən ikisi sonradan fiziki zorakılığa məruz qalıb.
Hesabatda qeyd edilib ki, qadın jurnalistlər kişilərdən daha çox onlayn təcavüzə məruz qalırlar və bu, UNESCO-nun əvvəlki hesabatında müəyyən edilmiş tendensiyanın əksini göstərir.
Fiziki hücumlara əlavə olaraq, sorğuda iştirak edən jurnalistlərin üçdəbiri senzuraya məruz qaldıqlarını və onların demək olar ki, yarısı (45 faizi) ətraf mühitlə bağlı problemləri işıqlandırarkən hücuma məruz qalmaq qorxusu, mənbələrinin ifşa olunması və ya bir hadisə ilə bağlı özlərinə senzura etdiklərini bildiriblər.
COP29-da yeni iqlim hədəfi müəyyən...
Antonio Quterreş: COP29-da əldə olunmuş...
COP29: Bakı 1,3 trilyon dollarlıq yeni...
COP29-un bağlanış plenar iclası...
Marina Silva: İqlim maliyyəsi ilə bağlı...