13 may 2025, çərşənbə axşamı Bakı, 21°C
IMG-LOGO

Türkiyənin vitse-prezidenti: Azərbaycanın Qarabağdakı Qələbəsi TDT-nin bugünkü inkişafına böyük töhfələr verib

10-01-2024

Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin təşkilatçılığı, Türkiyə Müharibə Qaziləri Dərnəyinin dəvəti ilə qardaş ölkədə səfərdə olan bir qrup azərbaycanlı Vətən müharibəsi iştirakçısı yanvarın 9-da Türkiyə Respublikasının vitse-prezidenti Cevdet Yılmaz ilə görüşüb.

Fhnews.az xəbər verir ki, Türkiyə Respublikası Prezidenti Administrasiyasında keçirilən görüşdə vitse-prezident Cevdet Yılmaz 30 ilə yaxındır işğalda olan torpaqların azad olunması münasibətilə Azərbaycanın Vətən müharibəsi iştirakçılarını təbrik edib, son antiterror əməliyyatlarının da bu Zəfəri möhkəmləndirdiyini vurğulayıb.

O, Azərbaycana səfəri çərçivəsində Prezident İlham Əliyevlə görüşü barədə öz təəssüratlarını bölüşüb. Azərbaycanla bütün sahələrdə əlaqələrin daha da inkişaf etdirilməsi üçün ölkəmizə geniş heyətlə səfər edəcəklərini bildirib.

Vitse-prezident Zəngəzur dəhlizi ilə bağlı irəliləyişlərin olduğunu deyib: "Azərbaycan ilə Türkiyə Türk Dövlətləri Təşkilatının (TDT) ən fəal üzvlərindəndir. Azərbaycanın Qarabağdakı Qələbəsi TDT-nin bugünkü inkişafına böyük töhfələr verib".

Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli bildirib ki, Ulu Öndər Heydər Əliyevin Türkiyə-Azərbaycan dostluğunun, qardaşlığının əbədi və daimi olduğunu təcəssüm etdirən "Biz bir millət, iki dövlətik" kəlamı bu gün də hər iki dövlət üçün örnəkdir və yol xəritəsidir: "Prezident İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dostluğu, qardaşlığı ölkələrimizin müttəfiqliyini, birliyini, həmrəyliyini daha da möhkəmləndirib.

Azərbaycan-Türkiyə münasibətlərinin inkişafında yeni səhifə açan Şuşa Bəyannaməsi də münasibətlərimizi yeni müstəviyə qaldırıb".

QHT sədri deyib ki, Vətən müharibəsində olduğu kimi, 2023-cü il sentyabrın 19-20-də Azərbaycanın apardığı lokal xarakterli antiterror tədbirlərinə dəstək olaraq Rəcəb Tayyib Ərdoğan dünyanın ən ali kürsüsündən ölkəmizin maraqlarını ifadə edən ədalətli bəyanatlar verirdi.

O əlavə edib ki, Azərbaycan-Türkiyə münasibətləri bütövlükdə Türk dünyasının birliyinə də böyük töhfələr verir.

Qeyd edək ki, görüşdə Azərbaycanın Türkiyədəki səfirliyinin nümayəndəsi, ölkəmizin hərbi attaşesi və qardaş ölkənin hərbyönümlü dərnəklərinin rəhbərləri də iştirak ediblər.

Paylaş: