22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Türkiyənin müdafiə naziri: Sərhədimizdə “təhlükəsizlik halqası” 2024-cü ilin yayında qapadılacaq

11-03-2024

Türkiyə antiterror əməliyyatları planlaşdırarkən heç bir ölkənin rəyinə istinad etmək niyyətində deyil.

Fhnews.az xəbər verir ki, bu sözləri Türkiyənin milli müdafiə naziri Yaşar Güler “Hürriyet” qəzetinə ABŞ və Rusiya Federasiyası ilə terrorla mübarizə sahəsində təmaslara dair sualı cavablandırarkən deyib.

“Biz heç kimlə ölkəmizin təhlükəsizliyinə təhdidləri müzakirə etmirik, bütün lazımi addımları özümüz atırıq. Türkiyə güclü dövlətdir! Biz heç kimdən icazə almamışıq və gələcəkdə də almayacağıq”, - deyə nazir vurğulayıb.

O, eyni zamanda, diqqəti ABŞ-ın bölgədə YPG terrorçularına dəstəyi ilə bağlı Ankaranın davam edən narahatlığına çəkib. “Vaşinqton başqa bir terror təşkilatı olan İŞİD ilə mübarizə bəhanəsi altında YPG terrorçularına dəstəyini davam etdirir. Bununla belə, Türkiyə bəzi terrorçulara qarşı digər terrorçuların əli ilə mübarizənin qəbuledilməz olması barədə açıq mövqedən çıxış edir”, - deyə Güler bildirib. O xatırladıb ki, Türkiyə Silahlı Qüvvələri döyüş meydanında İŞİD terrorçularına faktiki müqavimət göstərən yeganə qüvvədir.

Türkiyə Müdafiə Nazirliyinin rəhbəri bildirib ki, ölkəsinin ABŞ-a bu qanlı təşkilata qarşı birgə mübarizə aparmaq təklifi qüvvədə qalır.

Güler Türkiyə tərəfinin İraqın şimalını PKK terrorçularından təmizləmək əzmində olduğunu vurğulayıb. O əlavə edib: “Biz Türkiyə ilə sərhəddən 30-40 kilometr aralıda yerləşən sərhəd bölgələrini yaraqlılardan təmizləməyi planlaşdırırıq. Bu, terrorçuların öz imkanları ilə Türkiyə ərazisinə zərər vurmağa gücü çatmadığı məsafədir”.

Nazirin sözlərinə görə, bu yay Türkiyə ordusu İraqla sərhədi terrorçulardan tamamilə mühafizə edərək, ölkənin cənub sərhədlərindəki “təhlükəsizlik halqasını” qapatmağı planlaşdırır.

Güler xatırladıb ki, Ankara təxminən iki il əvvəl Bağdada terrorla mübarizədə birgə addımlar atmağı, xüsusilə Vahid Əməliyyat Mərkəzinin yaradılmasını təklif edib. “İraq tərəfi bizim təklifimizi dəstəklədi, lakin həmin müddətdən sonra bu istiqamətdə heç bir addım atılmadı. Biz bu məsələni İraq rəsmiləri qarşısında yenidən qaldıracağıq”, – deyə türkiyəli nazir bildirib.

Türkiyə Müdafiə Nazirliyinin rəhbəri qeyd edib ki, Ankaranın regionda heç bir qonşu ölkəyə qarşı ərazi iddiası yoxdur. O vurğulayıb: “Bizim regionda heç bir dövlətlə problemimiz mövcud deyil, onlara qarşı ərazi iddiamız yoxdur”.

Paylaş: