22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Türkiyədə seçkilər vətəndaşların yüksək fəallığı ilə davam edir

31-03-2024

Türkiyədə beş il xidmət göstərəcək yerli özünüidarə orqanlarına seçkilər davam edir.

Fhnews.az xəbər verir ki, Ankarada səs verən Türkiyənin Yüksək Seçki Komissiyasının (YSK) sədri Ahmet Yener mediaya açıqlama verib.

Səsvermə prosesinin problemsiz davam etdiyini deyən sədr günün sonunda prosesin problemsiz başa çataraq sayım işlərinin başlayacağına ümidvar olduğunu bildirib.

Qeyd edilib ki, səsvermə ilə bağlı mediaya tətbiq edilən yayım qadağaları saat 21:00-da aradan qaldırılacaq. YSK-nın İdarə Heyəti saat 17:00-da toplanacaq və qadağanın daha tez başa çatdırılmasına baxılacaq.

Bütün siyasi partiyaların seçki qaydalarına əməl etdiklərini deyən YSK sədri bu demokratiya nümayişinin xalq üçün uğurlara vəsilə olacağına inamını ifadə edib.

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) da daxil olduğu Cümhur İttifaqının İstanbul və Ankara üzrə Böyükşəhər Bələdiyyə sədrliyinə namizədləri Murat Kurum və Turqut Altınok səslərini verdikdən sonra mediaya açıqlama ilə çıxış ediblər.

Bu gün İstanbulun və istanbulluların gələcəyi üçün mühüm qərarın alınacağını deyən Murat Kurum hər kəsi səs verməyə çağırıb. Namizəd başda xalq olmaqla təşviqat kampaniyası müddətində ona dəstək göstərən hər kəsə minnətdarlığını ifadə edib.

Vətəndaşın öz idarəetmə orqanını bu gün özünün seçdiyini ifadə edən Turqut Altınok demokratiyanın hər kəsin azad fikrinin ifadəsi olduğunu vurğulayıb. Ankaranı ölkənin aynası kimi qiymətləndirən namizəd seçkilərdə veriləcək qərarın da xalqa məxsus olacağını qeyd edib.

Səs verən Türkiyənin daxili işlər naziri Ali Yerlikaya bu gün seçimin də, qərarın da xalqa məxsus olduğunu ifadə edib.

Türkiyənin ədliyyə naziri Yılmaz Tunç səs verdikdən sonraki açıqlamasında seçkinin şəffaflığı və təhlükəsizliyi ilə bağlı narahatlığın olmadığını ifadə edib.

Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş açıqlamasında Türkiyənin dünyada şəffaf və yüksək iştirakla seçkilərin keçirildiyi nadir ölkələrdən biri olduğunu deyib. Parlament rəhbəri bu seçkilərin Türkiyənin yeni əsr hədəflərinə doğru irəliləməsində mühüm rol oynayacağını vurğulayıb.

Cümhur İttifaqının üzvlərindən Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Bahçeli keçirilən seçkidə iştirak edən bütün namizədlərə uğurlar arzu edərək səsvermənin nəticələrinin dövlət və millət üçün xeyirlərə vəsilə olmasını diləyib.

Qeyd edək ki, ölkədə keçirilən seçkilərə vətəndaşların böyük marağı müşahidə olunur. Səsvermənin təhlükəsizlik şəkildə keçirilməsi üçün polis, jandarma, Türkiyə Silahlı Qüvvələrinin hərbi qulluqçuları, Sahil Mühafizə Xidmətinin əməkdaşları da daxil olmaqla ölkənin bütün təhlükəsizlik orqanları səfərbər edilib, çox sayda əməkdaş seçkilərə cəlb olunub.

Xatırladaq ki, seçkilərdə ölkənin 34 siyasi partiyası və müstəqil namizədlər yarışır. Türkiyənin əksər əyalətlərində seçki məntəqələri yerli vaxtla 17.00-a qədər açıq olacaq. Ölkənin Yüksək Seçki Komissiyasının (YSK) qərarına əsasən, günəşin batması vaxtı nəzərə alınaraq, 32 vilayətdə səsvermə müddəti 16.00-da başa çatacaq.

Paylaş: