23 noyabr 2024, şənbə Bakı, 13°C
IMG-LOGO

Torpaq sahələrinə dair plan və ölçü sənədlərinin, texniki pasportun verilməsi elektronlaşdırılıb

12-02-2024

Daşınmaz əmlakın qeydiyyatı sahəsində yeni innovativ xidmətin tətbiqinə başlanılıb. 2024-cü il fevralın 1-dən texniki pasport və torpaq sahələrinə dair plan və ölçü sənədləri elektron qaydada hazırlanır.

Fhnews.az Əmlak Məsələləri Dövlət Xidmətinə istinadla xəbər verir ki, vətəndaş məmnunluğunun yüksəldilməsi, daşınmaz əmlakın qeydiyyatı sisteminin təkmilləşdirilməsi və xidmət prosedurlarının sadələşdirilməsi məqsədilə yeniliklərin tətbiqi davam etdirilir.

Son yeniliklərdən biri texniki pasport və torpaq sahələrinə dair plan və ölçü sənədlərin elektron formatda təqdim edilməsi imkanıdır. Belə ki, əvvəllər kağız daşıyıcıda verilən texniki pasport və torpaq sahələrinə dair plan və ölçü sənədləri 1 fevral tarixindən etibarən elektron qaydada təqdim olunur. Həmin sənədlərin elektron imza ilə təsdiqlənmiş elektron nüsxəsi SMS bildirişi vasitəsilə müraciət edən şəxslərə göndərilir. Vətəndaşlar həmçinin, SMS bildirişi vasitəsilə göndərilən linkə daxil olmaqla, “Xəritədə bax” düyməsini sıxaraq daşınmaz əmlakın ünvanını da onlayn xəritədə müəyyənləşdirə bilərlər.

Çıxarışların elektron qaydada verilməsindən sonra texniki pasport və torpaq sahələrinə dair plan və ölçü sənədlərinin də elektronlaşdırılması nəticəsində hazır sənədlərin əldə edilməsi üçün xidmət məntəqələrinə gəlmək zərurəti tamamilə aradan qaldırılıb. Bu da, vətəndaşlara vaxta qənaət etmək imkanı yaradır.

Bu yenilik ilk növbədə daşınmaz əmlakın qeydiyyatı prosesində vətəndaş-məmur ünsiyyətini minimuma endirir, əmlakın qeydiyyatını daha da sadələşdirməklə operativliyi və şəffaflığı daha da artırır. Texniki pasport və torpaq sahələrinə dair plan və ölçü sənədlərinin elektron müstəviyə keçilməsi aidiyyəti sorğuların cavablandırılması, əmlak üzərində iqtisadi əməliyyatların aparılması işini optimallaşdırır.

Bununla yanaşı, kağız formada olan texniki pasport və torpaq sahələrinə dair plan və ölçü sənədlərinin itirilməsi, yararsız hala düşməsi ilə bağlı problemlər, eləcə də sənədlərin saxtalaşdırılması və qanunsuz istifadə edilməsi halları tamamilə aradan qaldırılır.

Paylaş: