23 noyabr 2024, şənbə Bakı, 13°C
IMG-LOGO

Telekommunikasiya operator və provayderlərinin abunə müqavilələri qanunvericiliyə uyğunlaşdırılır

16-02-2024

Azərbaycanın telekommunikasiya və poçt xidmətləri üzrə tənzimləyici qurumu İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) uçota alınmış internet telekommunikasiya xidməti göstərən operator və ya provayderlərlə abunəçilər arasında bağlanan abunə müqavilələrinin “Telekommunikasiya haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş zəruri tələblərə uyğunluğunun qiymətləndirilməsi istiqamətində təhlillər aparmağı davam etdirir.

İKTA-dan verilən məlumata görə, həyata keçirilən təhlillər nəticəsində uçota alınmış 119 operator və provayderin uçota alınarkən təqdim etdikləri müqavilələr yoxlanılıb və “Telekommunikasiya haqqında” Qanunun 40-cı maddəsində nəzərdə tutulmuş abunəçi ilə bağlanan müqaviləyə dair zəruri tələblərlə uyğunsuzluqların olduğu aşkar edilib.

Abunəçilərlə bağlanmış müqavilələrdə aşkar edilmiş uyğunsuzluqların aradan qaldırılması və qanunvericiliyin tələblərinə uyğunlaşdırılması üçün operator və provayderlərə müvafiq tövsiyə və tapşırıqlar verilib. Belə ki, abunə müqavilələrinin qanunvericiliklə müəyyən edilmiş zəruri tələblərə uyğunlaşdırılması məqsədilə hər bir operator və provayder fərdi şəkildə aşkarlanmış uyğunsuzluqlar haqqında rəsmi məktubla məlumatlandırılıb.

Həyata keçirilmiş intensiv işlər nəticəsində uçota alınmış operator və provayderlərin abunə müqavilələrini “Telekommunikasiya haqqında” Qanunun 40-cı maddəsində nəzərdə tutulmuş zəruri tələblərə uyğunlaşdırması ilkin mərhələdə 35 faizə çatdırılıb.

Uçota alınmış bütün operator və provayderlər üzrə bu prosesin 2024-cü ilin sonunadək yekunlaşdırılması hədəflənib.

Xatırladaq ki, “Telekommunikasiya haqqında” Qanunun 43.1-ci maddəsinə əsasən, bu qanunun tələblərinin pozulması Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş məsuliyyətə səbəb olur.

Paylaş: