13 may 2025, çərşənbə axşamı Bakı, 21°C
IMG-LOGO

Şahtaxtı arxeoloji abidələr kompleksində tədqiqatlar aparılıb

16-07-2024
IMG

Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Antropologiya İnstitutu Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonunda yerləşən Şahtaxtı kəndində elmi tədqiqat aparıb.

Fhnews.az xəbər verir ki, İnstitutdan  verilən məlumata görə, ekspedisiyanın rəhbəri dosent Qəhrəman Ağayevdir. Şahtaxtı kəndinin ərazisində aparılan arxeoloji qazıntı işlərinə 30 gün vaxt ayrılıb. Abidənin bərpa olunmasına 20-25 gün vaxt lazım olduğunu nəzərə alaraq, qazıntı işləri əsasən 30 hektardan artıq ərazini əhatə edən nekropolda aparılıb. Ekspedisiya müddətində 7 qəbir abidəsi aşkar edilərək tədqiq olunub. Ən böyük qəbrin uzunluğu 2,8 metr, eni 0,90 metr, dərinliyi isə 1,30 metrdir. Ən kiçik qəbirin uzunluğu 1 metr, eni 0,80 metr, dərinliyi isə 1 metrdir.

Qəbirlərdən küpə, nehrə, qazan, kuzə, cam və sair tipli gil qablar, tunc qolbaqlar, əqiqdən hazırlanmış muncuqlar aşkar edilib. Tədqiq edilən qəbirlərin hamısı Son Tunc - Erkən Dəmir dövrünə aiddir.

Şahtaxtı abidələr kompleksində aparılan arxeoloji tədqiqatlarla Azərbaycan arxeologiyasının, tarixinin öyrənilməsi baxımından olduqca maraqlı elmi nəticələr əldə etmək mümkündür. Şahtaxtıda insanlar Eneolit dövründən məskunlaşıb, heç bir yerdəyişmə etmədən intensiv həyat tərzi keçirib. Şahtaxtı tayfaları yalnız orta əsrlər dövründə, çox güman ki, coğrafi şəraitlə bağlı olaraq qərb və cənub-qərb tərəfə yönəliblər və bu gün də həmin ərazidə yaşayırlar. Maraqlı faktlardan biri də ondan ibarətdir ki, Şahtaxtıda yaşayan qədim tayfalar özlərindən əvvəl yaşayan tayfalara hörmətlə yanaşıb, onların yaratdıqları maddi-mədəniyyət qalıqlarına toxunmayaraq öz mədəniyyətlərini yaradıblar. Bunun nəticəsidir ki, arxeoloji qazıntı işləri aparılan sahələrdə mədəni təbəqələr ardıcıllıqla izlənməklə, bəzi sahələrdə maddi-mədəniyyət qalıqları bir-birinin yanında salınıb.

Ümumiyyətlə, nəinki Azərbaycan, eyni zamanda Yaxın Şərq və Cənubi Qafqaz arxeologiyası üçün çox böyük əhəmiyyət kəsb edən belə bir abidənin daha da dərindən öyrənilməsi və qorunub saxlanması olduqca vacibdir.

Paylaş: