Səhiyyə naziri: Azərbaycan və Albaniya vətəndaşlarının sağlamlığının bərpası məqsədilə sanator-kurort xidmətləri təkmilləşdirilməlidir
Azərbaycan Respublikasının Səhiyyə Nazirliyində Albaniya Respublikasının səhiyyə naziri Albana Koçinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.
Fhnews.az xəbər verir ki, Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, nazir Teymur Musayev ölkələrimiz arasında ikitərəfli əlaqələrin uğurla inkişaf etdiyini diqqətə çatdırıb. Nazir dövlət başçılarının mütəmadi görüşlərinin və əldə olunan razılaşmaların Azərbaycan-Albaniya münasibətlərini daha yüksək səviyyəyə qaldırdığını vurğulayıb.
T.Musayev, həmçinin iki ölkə arasında səhiyyə sahəsində əməkdaşlıq əlaqələrinin inkişafı üçün geniş potensialın olduğunu bildirib. Nazirin sözlərinə görə, ölkələrimizin ali tibb mütəxəssislərinin davamlı peşə təhsili sahəsində müasir metodiki və elmi-praktik təcrübə mübadiləsi üçün bütün imkanlar mövcuddur. Bundan əlavə, müalicəvi turizm sahəsində də əməkdaşlıq potensialı var: “Mineral su mənbələri və digər kurort-rekreasiya resursları Azərbaycana və Albaniyaya çoxlu turist cəlb edir. Bunu nəzərə alaraq, ölkələrimizin vətəndaşlarının sağlamlığının bərpası və reabilitasiyası məqsədilə sanator-kurort xidmətlərinin təkmilləşdirilməsi olduqca vacib məsələdir”, - deyə nazir əlavə edib.
Albana Koçi ölkələrimiz arasında dostluq əlaqələrinin tarixi fakt olduğunu vurğulayıb: “Albaniya ilə Azərbaycan arasında fəal əməkdaşlıq beynəlxalq təşkilatlar çərçivəsində - ilk növbədə BMT və İslam Əməkdaşlıq Təşkilatında da özünü göstərir”.
Albana Koçi çıxışında bu ilin noyabrında Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) əhəmiyyətini xüsusilə vurğulayıb.
Albaniyalı nazir, həmçinin ölkələrimizin səhiyyə nazirlikləri arasında əməkdaşlığın bundan sonra da yeni müstəvidə uğurla davam etdiriləcəyinə ümidvar olduğunu bildirib.
Sonda tərəflər prioritet istiqamətlər üzrə əməkdaşlıq məsələlərini müzakirə ediblər.
COP29-da yeni iqlim hədəfi müəyyən...
Antonio Quterreş: COP29-da əldə olunmuş...
COP29: Bakı 1,3 trilyon dollarlıq yeni...
COP29-un bağlanış plenar iclası...
Marina Silva: İqlim maliyyəsi ilə bağlı...