22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Şahdağ Milli Parkına reintroduksiya edilmiş nəcib maralların sayında artım qeydə alınıb

16-05-2024
IMG

IDEA İctimai Birliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə həyata keçirilən nadir və nəsli kəsilmək təhlükəsində olan bioloji növlərin artırılması, tarixən məskunlaşdıqları ərazilərə reintroduksiya olunması layihəsi çərçivəsində Şahdağ Milli Parkına buraxılan nəcib marallardan birinin balası dünyaya gəlib. Beləliklə, reintroduksiya edilmiş nəcib maralların sayı təbii artımla birlikdə 8 başa çatıb.

Bu barədə  Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, hazırda bala və ananın vəziyyəti yaxşıdır, onlar yırtıcılardan mühafizə məqsədilə Şahdağ Milli Parkının İsmayıllı bölməsində qapalı volyer şəraitində saxlanılır.

Qeyd edək ki, Azərbaycanın “Qırmızı Kitab”ına daxil edilmiş nəcib maral keçmiş dövrlərdə Böyük və Kiçik Qafqazın, Talış dağlarının meşələrində, həmçinin Kür və Araz çaylarının Tuqay meşələrində yaşayıb. Hazırda nəcib maral populyasiyalarına yalnız Böyük Qafqazda rast gəlinir. Bu növün meşə ekosistemlərinin inkişafında potensial rolunu nəzərə alaraq, onun populyasiyasının bərpa edilməsi təbiətimiz üçün olduqca mühüm əhəmiyyətə malikdir.

Paylaş: