Rusiya fövqəladə hallar naziri Aleksandr Kurenkov FHN-in Akademiyasında olub
Rusiya Federasiyasının mülki müdafiə, fövqəladə hallar və təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması üzrə naziri general-leytenant Aleksandr Kurenkovun başçılıq etdiyi nümayəndə heyəti ölkəmizə səfəri çərçivəsində Azərbaycan Fövqəladə Hallar Nazirliyinin Akademiyasında olub.
Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun iştirak etdiyi tədbirdə qonaqlara ali təhsil müəssisəsi haqqında ətraflı məlumat verilib. Bildirilib ki, Akademiya FHN üçün xüsusi ixtisaslı ali təhsilli kadrların hazırlanmasını həyata keçirən, fövqəladə hallar sahəsində fundamental, nəzəri-metodoloji, pedaqoji-metodiki və tətbiqi elmi tədqiqatlar aparan xüsusi təyinatlı ali təhsil müəssisəsidir. Akademiyada beynəlxalq əlaqələrə xüsusi diqqət verildiyi vurğulanıb, ali təhsil ocağının bir sıra ölkələrin müvafiq təhsil müəssisələri, o cümlədən Rusiya Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Akademiyası ilə uğurla əməkdaşlıq etdiyi qeyd olunub.
Qonaqlar Akademiyada fəaliyyət göstərən Heydər Əliyev Mərkəzinin fəaliyyəti ilə tanış olub, konfrans zalı, fənn kabinetləri və kitabxanaya baş çəkiblər. Nazir Aleksandr Kurenkov Heydər Əliyev Mərkəzində Akademiyanın xatirə kitabına ürək sözlərini yazıb.
Səmimi görüşə görə təşəkkürünü bildirən rusiyalı nazir Akademiyanın fəaliyyətini yüksək qiymətləndirib, qarşılıqlı faydalı əməkdaşlığın daha da genişləndirilməsinin əhəmiyyətini qeyd edib.
Braziliya rəsmisi: Meşələrin qorunması...
Qətər rəsmisi: Azərbaycanla əlaqələr...
Audiovizual Şura platforma...
COP29-da Ermənistanın ərazilərimizdə...
COP29 çərçivəsində SPECA İqlim Ağıllı...