22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Ramazandan sonra qidalanma

10-04-2024

Ramazan ayı boyu oruc tutanların orqanizm günün çox hissəsini ac-susuz qalmağa öyrəşir. Birdən-birə müxtəlif qidalar qəbul etmək bir çox orqanlara ağır təsir edir. Bir ay gündə iki dəfə qida qəbul edən orqanizmin normal rejimə qayıtması bir sıra fəsadlara səbəb ola bilər.

Fhnews.az xəbər verir ki, bununla əlaqədar məlumat verən həkim-terapevt Zakir Quliyev bildirib: “Normal qidalanma rejiminə yavaş-yavaş uyğunlaşmaq, bədəni çox yükləməmək lazımdır. Çünki orucluq vaxtı qidalanma rejimi dəyişdiyindən bədən yeni rejimə uyğunlaşmaqda çətinlik çəkir. Ona görə də Ramazandan sonra qidalanma saatları dəyişir və buna görə gündə üç dəfə qidalanmaq şərti ilə az-az yemək məsləhət görülür”.

Mütəxəssislər ürək-damar xəstəliklərindən, xüsusilə şəkərli diabetdən əziyyət çəkənlərin qidalarına daha çox diqqət göstərməyi tövsiyə edirlər. Gündəlik qida rasionunda çoxlu maye və meyvə-tərəvəzə üstünlük verilməlidir.

Həkim-diyetoloq Sevinc Həsənzadə deyib: “Xüsusilə tərkibi liflərlə zəngin olan tərəvəzlərlə qidalanmaq lazımdır. Nə qədər liflərlə zəngin qida qəbul edilsə, həzm sistemi o qədər yaxşı bərpa olunar. Təbii ki, həzmi yüngülləşdirmək üçün qida əlavələrindən, məsələn, probiotiklərdən, selen və maqneziumdan istifadə etmək lazımdır”.

Mədənin yüklənməməsi üçün balanslı qidalanmaq əsas şərtlərdən biridir. Bundan başqa yaxşı olar ki, yeməkdən ən azı 1-1,5 saat keçəndən sonra su, çay, şirə və qazlı sular qəbul edilsin.

Paylaş: