"Qütb Xarəzmi. Xosrov və Şirin” kitabı işıq üzü görüb
Dünya ədəbiyyatının görkəmli nümayəndəsi, böyük Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin “Xəmsə”sinin Türk dünyası ədəbiyyatının inkişafında böyük rolu vardır. Təsadüfi deyil ki, onun “Xosrov və Şirin” məsnəvisinin təsiri altında türk ədəbiyyatı tarixində çox sayda mühüm ədəbi-bədii əsərlər qələmə alınıb.
Fhnews.az science.gov.az saytına istinadən xəbər verir ki, tədqiqatçıların fikrincə, Nizami Gəncəvinin farsca qələmə aldığı “Xosrov və Şirin” poemasının türk dilinə ilk tərcüməsi XIV əsrdə yaşamış Qızıl Orda şairi Qütb Xarəzminin adı ilə bağlıdır.
AMEA-nın Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyevin tərtib etdiyi “Qütb Xarəzmi. Xosrov və Şirin” adlı yeni kitab nəşr olunub. “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyində işıq üzü görən kitab Naxçıvan Muxtar Respublikasının 100 illiyinə həsr olunub.
Əsər filologiya elmləri doktoru, professor Nadir Məmmədlinin elmi redaktorluğu, filologiya üzrə fəlsəfə doktoru, dosent Arif Ağalarovun rəyi əsasında AMEA Naxçıvan Bölməsi Rəyasət Heyətinin qərarı ilə çapdan çıxıb.
Kitab professor Əbülfəz Quliyevin yazdığı “Nizami Gəncəvi “Xosrov və Şirin”in türkcəyə ilk tərcüməsi (XIV əsr)” adlı ön sözlə başlayır. Burada Qızıl Orda dövləti zamanında elmə və ədəbiyyata göstərilən qayğıdan, Nizaminin təsiri altında “Xosrov və Şirin” mövzusuna toxunan şairlərdən danışılır. Qədim türk ədəbiyyatında nəzərə çarpan hərfi və sərbəst tərcümə növləri, sərbəst tərcümənin orta əsrlər dövründə olduqca yüksək qiymətləndirilməsindən bəhs olunur.
Alim Nizami və Xarəzminin “Xosrov və Şirin”lərində oxşar və fərqli cəhətləri diqqətə çatdırır, dəyişiklik və əlavələrdən bəzilərini şərh edir.
Vurğulanır ki, dahi Nizamidən ilhamlanan şair özünəxas əlavələr etməklə tərcüməyə yaradıcı yanaşmışdır. 1341-1342-ci illərdə tərcümə olunan məsnəvi qıpçaq-oğuz abidəsi kimi hər iki türk dil qrupunun xüsusiyyətlərini özündə əks etdirir.
Daha sonra əsərin mətni transkripsiyada oxuculara təqdim olunub. Kitabın sonuna əsərdə işlənən arxaik sözlərdən ibarət lüğət əlavə edilib.
Qeyd edək ki, əsərin yalnız bir əlyazma nüsxəsi zəmanəmizə qədər gəlib çatıb. Bu əlyazma Polşa və Türkiyədə nəşr olunmuş, lakin həmin nəşrlərdə əlyazmanın transriksiyasında bəzi qüsurlara yol verilmişdir. Yenicə çapdan çıxmış Azərbaycan nəşrində həmin nöqsanların aradan qaldırılmasına səy göstərilmişdir.
Əsər türk dilləri və ədəbiyyatı tarixinin öyrənilməsində çox mühüm qaynaq olmaqla bərabər, həm də Azərbaycan dili və ədəbiyyatı, eləcə də nizamişünaslıq üçün dəyərlidir.
Kitab filoloq alim, müəllim, tələbələr, eləcə də mövzu ilə maraqlanan geniş oxucu kütləsi üçün nəzərdə tutulub.
Dayanıqlı İnkişaf Məqsədləri və...
Burkina Fasonun nümayəndə heyəti...
Dövlət Gömrük Komitəsi xidmətə qəbul...
Bu gün Ümumdünya Fəlsəfə Günüdür...
Türkiyənin media mənsubları Ədəbiyyat...