3 may 2025, şənbə Bakı, 13°C
IMG-LOGO

Qlobal səviyyədə yaranan istixana qazlarının təxminən 20 faizi kənd təsərrüfatı sahəsi ilə əlaqədardır

02-05-2025

İqlim dəyişiklikləri kənd təsərrüfatına mənfi təsir göstərdiyi kimi, kənd təsərrüfatı fəaliyyəti də iqlim dəyişikliklərinə səbəb olan amillərdən biridir. Hazırda qlobal səviyyədə yaranan istixana qazlarının təxminən 20 faizi bu sahə ilə əlaqədardır.

Fhnews.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev “Aqrobiznesin İnkişafı Forumu - 4: Harmoniyaya gedən yol” mövzusundakı tədbirdə çıxışı zamanı deyib.

Azərbaycanda kənd təsərrüfatını iqlim dəyişikliklərinə uyğunlaşdırmaq üçün əsas addımlar su və torpaq resurslarının səmərəli idarə olunması, suvarma sistemlərinin modernləşdirilməsi, su itkilərinin azaldılması və torpaq münbitliyinin qorunması ilə bağlıdır. Eyni zamanda, məhsuldarlığı artırmaq üçün quraqlığa, şoranlığa və istiliyə davamlı bitki sortlarının yetişdirilməsi və müasir aqrotexniki tədbirlərin tətbiqi mühüm əhəmiyyət daşıyır.

M.Babayev qeyd edib ki, həmçinin aqroparkların inkişafı ekoloji və iqtisadi cəhətdən dayanıqlı istehsalın təşkili ilə yanaşı, su, gübrə və pestisidlərin istifadəsində innovativ və bioloji üsulların tətbiqi ilə dəstəklənməlidir. Bu sahədə dövlət və özəl sektorun birgə fəaliyyəti vacibdir. Bu əməkdaşlıq çərçivəsində yeni texnologiyalar, rəqəmsal həllər tətbiq olunmalı və məhsuldarlıq artırılmalıdır.

"İqlim dəyişiklikləri ilə mübarizə geniş, əlaqələndirilmiş və uzunmüddətli tədbirlər tələb edir. Kənd təsərrüfatında bu təsirləri azaltmaq üçün fermerləri məlumatlandırmaq və onların istehsal vərdişlərini iqlim şəraitinə uyğunlaşdırmaq vacibdir. Ötən il beynəlxalq ictimaiyyətin diqqəti ölkəmizə, xüsusilə ətraf mühitin mühafizəsinə və iqlim dəyişikliklərinin qarşısının alınması sahəsində görülən işlərə yönəlmişdi. Qlobal iqlim müzakirələrinin ən ali platforması olan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına ev sahibliyinin Azərbaycana həvalə olunması göstərilən yüksək etimadın, beynəlxalq təşkilatlarla qurulan uğurlu əməkdaşlığın bariz nümunəsidir. COP29-a ev sahibliyi etməklə ölkəmiz enerji, şəhərsalma, maliyyə, kənd təsərrüfatı, insan kapitalının inkişafı və digər sahələri əhatə edən qlobal təşəbbüslərə start verib. Həmin təşəbbüslər iqlim dəyişikliklərinə qarşı inklüziv yanaşmaları özündə birləşdirir.

COP29 Sədrliyi, Kənd Təsərrüfatı Nazirliyi və FAO-nun birgə təşəbbüsü ilə təqdim olunan “Fermerlər üçün Bakı Harmoniya İqlim Təşəbbüsü” qadın və gənc fermerlərin imkanlarının artırılması, iqlimə davamlı kənd icmalarının qurulması və bilik mübadiləsinin gücləndirilməsi üçün yaradılmışdır. Bu təşəbbüs 90-dan çox qlobal və regional proqramı bir araya gətirərək, kənd yerlərində dayanıqlı inkişafı dəstəkləyir və investisiyaların bu sahəyə yönəldilməsinə köməklik edir”.

Onun sözlərinə görə, konfrans çərçivəsində iqlim maliyyəsinin artırılması istiqamətində Yeni Kollektiv Kəmiyyət Hədəfi (NCQG) razılaşdırılmışdır. COP29 zamanı təqdim edilən Bakı Maliyyə Hədəfi əvvəlki 100 milyard ABŞ dollarlıq illik öhdəliyi üçqat artıraraq 300 milyard ABŞ dollarlıq yeni illik hədəf müəyyən edib və 2035-ci ilə qədər bu məbləğin 1.3 trilyon ABŞ dollara çatdırılması məqsədi irəli sürülüb: "Həmin maliyyənin iqlimə dayanıqlığın artırılması məqsədilə inkişaf etməkdə olan ölkələrə, xüsusilə ən az inkişaf etmiş ölkələrə və inkişaf etməkdə olan kiçik ada dövlətlərinə əlçatanlığının təmin edilməsi əsas prioritet kimi müəyyən olunub.

COP29 nəticəsində yeni maliyyə mexanizmi kimi Zərər və İtki Fondu fəaliyyətə başlamışdır. Bu fond, iqlim dəyişikliklərindən ən çox zərər görən həssas bölgələr və fermer icmaları üçün xüsusi dəstək imkanları yaradır. Bununla yanaşı, COP29 zamanı karbon bazarları ilə bağlı illərlə davam edən danışıqlar başa çatıb, Paris Sazişinin 6-cı maddəsi üzrə bazar və qeyri-bazar əməkdaşlığını tənzimləyən qaydalar qəbul edilib. Bu, karbon bazarları vasitəsilə ildə 1 trilyon ABŞ dolları vəsaitin səfərbər olunmasına və ölkələrin iqlim planlarının icrasına çəkilən xərclərin 250 milyard ABŞ dollarınadək azalmasına imkan verəcək. Kənd təsərrüfatında da emissiyaların azaldılması, torpaq və su ehtiyatlarının qorunması məqsədilə həmin mexanizmlərdən istifadə edilə bilər.

Hazırda ölkəmizdə karbon bazarlarında iştirakı genişləndirmək üçün müvafiq hüquqi və institusional çərçivənin yaradılması istiqamətində işlər görülür. Bu, kənd təsərrüfatında aşağı karbonlu texnologiyaların tətbiqi və yaşıl investisiyaların cəlb olunması üçün yeni imkanlar yaradacaq”.

Paylaş: