Multikulturalizm Mərkəzi ilə ICESCO arasında memorandum imzalanıb
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM) ilə İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ICESCO) arasında Anlaşma Memorandumu imzalanıb.
Mərkəzin mətbuat xidmətindən bildirilib ki, sənədin imzalanmasında məqsəd multikultural dəyərlərin təşviqi, təhsil və mədəniyyət sahəsində birgə layihələrin həyata keçirilməsi, eləcə də İslam dünyasında dialoq və qarşılıqlı anlaşmanın gücləndirilməsidir.
İmzalanma mərasimində çıxış edən BBMM-in icraçı direktoru Rəvan Həsənov Mərkəzin fəaliyyəti haqqında ətraflı məlumat verib. Azərbaycanın multikultural dəyərlərə əsaslanan dövlət siyasətinin beynəlxalq müstəvidə təbliğində Mərkəzin oynadığı rol barədə danışan Rəvan Həsənov bildirib: “İmzalanan memorandum BBMM ilə ICESCO arasında əməkdaşlığın yeni mərhələyə qədəm qoyduğunu göstərir. İnanırıq ki, bu əməkdaşlıq vasitəsilə İslam dünyasında mədəni müxtəlifliyin və qarşılıqlı anlaşmanın təşviqinə birgə töhfə verəcəyik. Həmçinin birgə layihələr, elmi tədqiqatlar və gənclərə yönəlmiş proqramlar vasitəsilə multikulturalizm dəyərlərinin daha geniş coğrafiyada tanıdılmasına nail olacağıq”.
İcraçı direktor vurğulayıb ki, bu cür beynəlxalq əməkdaşlıqlar Azərbaycanın multikulturalizm modelinin nümunəvi bir təcrübə kimi tanınmasında xüsusi rol oynayır və gələcəkdə daha genişmiqyaslı təşəbbüslərə zəmin yaradır.
ICESCO-nun Tərəfdaşlıq və beynəlxalq əməkdaşlıq sektorunun müdiri Anar Kərimov Anlaşma Memorandumunun əhəmiyyətindən danışaraq, qurulan tərəfdaşlığın gələcəkdə mühüm nəticələr verəcəyinə əminliyini ifadə edib: “Bu əməkdaşlıq yalnız iki qurum arasında deyil, həm də İslam dünyasında mədəni müxtəlifliyin, dinc birgəyaşayışın və qarşılıqlı hörmətin təşviqinə yönəlmiş qlobal səylərin bir hissəsidir. Biz ICESCO olaraq Azərbaycanı multikulturalizm sahəsində mühüm tərəfdaş kimi qiymətləndiririk. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi ilə birgə reallaşdıracağımız layihələrin həm regionda, həm də beynəlxalq səviyyədə əhəmiyyətli təsir göstərəcəyinə inanırıq”.
Anar Kərimov diqqətə çatdırıb ki, bu əməkdaşlıq ICESCO-nun əsas missiyası olan təhsil, elm və mədəniyyət sahələrində dialoqun, əməkdaşlığın gücləndirilməsi baxımından strateji əhəmiyyət daşıyır.
IV Aqrobiznesin İnkişafı Forumunda aqrar...
Dövlət Məşğulluq Agentliyi Böyük...
Fövqəladə Hallar Nazirliyinin bəzi...
Nəqliyyat infrastrukturunda davamlı...
FHN-in Cənub Regional Mərkəzi nümunəvi...