Şamaxıda aztəminatlı ailələrdən olan anaların sosial rifahını yaxşılaşdırmaq üçün yeni müəssisə açılıb
“PAŞA Holdinq”in maliyyə dəstəyi, Dövlət Məşğulluq Agentliyi, Şamaxı Rayon İcra Hakimiyyəti, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və “İnternat Məzunlarının Sosial İnteqrasiyası” Gənclər İctimai Birliyinin birgə təşəbbüsü ilə icra olunan “Tənha Anaların Sosial İnkişafına Dəstək II” layihəsi çərçivəsində Şamaxının Göylər kəndində yeni sosial müəssisə istifadəyə verilib.
Fhnews.az xəbər verir ki, açılış tədbirində Şamaxı Rayon İcra Hakimiyyətinin başçısının müavini Etibar Muradlı, Dövlət Məşğulluq Agentliyinin sədr müavini Ramal Quluzadə, “PAŞA Holdinq”in Dövlət Qurumları ilə Əlaqələr və Korporativ Sosial Məsuliyyət Departamentinin nümayəndəsi Bəyim İbrahimova, KOBİA-nın Dağlıq Şirvan regional koordinatoru Cavanşir Məhərrəmov, “İnternat Məzunlarının Sosial İnteqrasiyası” Gənclər İctimai Birliyinin sədri Araz Əhmədov və digər rəsmi şəxslər iştirak ediblər.
Tədbirdə qeyd edilib ki, rayonda uşaqlarını təkbaşına böyüdən və aztəminatlı ailələrdən olan analar arasında seçim aparılıb. Seçilən analar Dövlət Məşğulluq Agentliyi tərəfindən peşə təlimlərinə cəlb olunub, “PAŞA Holdinq”in maliyyə dəstəyi ilə layihəyə qoşulan şəxslərə istehsal üçün zəruri avadanlıqlar təqdim edilib və yeni sosial tikiş müəssisəsi yaradılıb. Müəssisənin istehsal etdiyi məhsulların satışına isə KOBİA tərəfindən dəstək göstərilir.
Müəssisənin yaradılmasında əsas məqsəd işsiz tənha anaların övladlarını dövlət uşaq müəssisələrinə verməsinin qarşısını almaq, onların sosial rifahını artırmaq və dayanıqlı məşğulluq imkanları yaratmaqdır. Layihə, həmçinin tənha anaların və aztəminatlı ailələrin sosial həyatda fəal iştirakını gücləndirməyə, qadınların iqtisadi və sosial təşəbbüslərini planlaşdırmaq və əlaqələndirməyə, eləcə də sahibkarlıq fəaliyyətlərini inkişaf etdirməyə geniş imkanlar açır.
Qeyd edək ki, “Tənha Anaların Sosial İnkişafına Dəstək I” layihəsi çərçivəsində Şamaxı rayonunda fəaliyyət göstərən birinci tikiş müəssisəsində işçi sayı 10 nəfərdən 18 nəfərə çatdırılıb. Layihənin davamı olaraq, Göylər kəndində yaradılan yeni sosial müəssisədə isə 20 nəfər işlə təmin ediləcək. Qarşıya qoyulan hədəf Şamaxı rayonu üzrə 100-dək xanımın işlə təmin olunmasıdır.
Nəqliyyat infrastrukturunda davamlı...
FHN-in Cənub Regional Mərkəzi nümunəvi...
“Konstitusiya və Suverenlik İli”ndə...
Azərbaycanda sabaha olan hava proqnozu...
AQTA sədri qida sahəsində fəaliyyət...