3 may 2025, şənbə Bakı, 16°C
IMG-LOGO

Nabil Gangi: COP29 zamanı qəbul edilmiş qlobal iqlim öhdəliklərini qida sistemlərinə gətirməyin vaxtıdır

02-05-2025
IMG

Azərbaycan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) zamanı qlobal iqlim gündəliyinin formalaşmasında aparıcı rol oynadı. Bakıdan gələn təkan hələ də təzədir, indi həmin qlobal öhdəlikləri evə, tarlalara, fermalara və birgə gələcəyimizi müəyyən edəcək qida sistemlərinə gətirməyin vaxtıdır.

Fhnews.az xəbər verir ki, bunu BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Avropa və Mərkəzi Asiya üzrə regional rəhbər müavini Nabil Gangi “Aqrobiznesin İnkişafı Forumu-4: Harmoniyaya gedən yol” mövzusunda tədbirdə çıxışı zamanı deyib.

N.Ganginin sözlərinə görə, qlobal öhdəliklərin yeni reallıqlar çərçivəsində tətbiq edilməsi, qida sistemində, kənd təsərrüfatında fermerlər tərəfindən icra olunması çox vacibdir.

“Biz artan çağırışlar ilə qarşı-qarşıyayıq. İqlim dəyişikliyi bunlardan biridir. Torpaqların deqradasiyası, meşə ərazilərinin qırılması acı reallıqlardır. Rəqəmsal kəndlər proqramı, “iqlim ağıllı” kənd təsərrüfatı təcrübələri sayəsində icmalara, fermerlərə iqlim dəyişmələrinə uyğunlaşmağa kömək etməklə yanaşı, daha inklüziv cəmiyyətləri formalaşdırmağa çalışırıq. Azərbaycanda innovasiyaların necə kök saldığını və inkişaf edə biləcəyini görmüşük. Son 5 ildə dəfələrlə səfərim zamanı bunun əyani şahidi olmuşam. Ərzaq istehsalının təhlükəsiz, dayanıqlı və ekoloji cəhətdən sağlam olmasını təmin edən yaxşı kənd təsərrüfatı təcrübələri beynəlxalq qaydalara uyğun olaraq fəal şəkildə həyata keçirilir. Məhsuldarlığı və səmərəliliyi artırmaq üçün dəqiq alətlərdən tutmuş ağıllı təsərrüfat idarəetmə sistemlərinə qədər müasir texnologiyalar tətbiq olunur. Ehtiyac yarandıqda texnoloji təkmilləşdirmələr düşünülmüş və strateji şəkildə tətbiq edilir. Eyni zamanda, iqlim gərginliyi şəraitində həyati resursları qorumaq üçün dayanıqlı suvarma sistemləri hazırlanır və genişləndirilir. Bütün bunlar daha geniş öhdəliyi əks etdirir. Bu innovasiya Azərbaycanda sadəcə bir istək deyil, bu, bir strategiyadır və artıq nəticələr verir”, - deyə FAO-nun Avropa və Mərkəzi Asiya üzrə regional rəhbər müavini əlavə edib.

Nabil Gangi onu da bildirib ki, davamlılıq olmadan inkişaf dayanıqlı olmur: “Qarşıdakı işlər tərəfdaşlıq, uzaqgörənlik və cəsarətli fəaliyyət tələb edir. Gəlin, güc verən ideyalara, davamlı sistemlərə və həm insanlara, həm də planetə xidmət edən texnologiyalara investisiya edək. Aqrobiznesin gələcəyi təkcə daha çox qidalandırmaq deyil, daha yaxşı qidalanmaq və bunu harmoniya, məsuliyyət və ümidlə etməkdir. Birlikdə biz hamı üçün daha yaxşı istehsalın, daha yaxşı qidalanmanın, daha yaxşı ətraf mühitin və daha yaxşı həyatın təminatçısı kimi aqrobiznesin tam vədini, heç kəsi arxada qoymadan həyata keçirə bilərik”.

Paylaş: