22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Qazaxıstan öz neftini Bakı-Supsa boru kəməri ilə nəql edə bilər

01-04-2024

Qazaxıstan öz neftini nəql etmək üçün Gürcüstan ərazisindən keçən Bakı-Supsa neft boru kəmərindən istifadə edə bilər. Bu plan regionda həm iqtisadi, həm də geosiyasi tarazlığı dəyişəcək.

Fhnews.az Gürcüstan mətbuatına istinadla xəbər verir ki, bunu Qazaxıstanın “Kazmunaigaz” dövlət şirkətinin idarə heyətinin sədri Maqzum Mirzaqaliyev söyləyib. Onun sözlərinə görə, SOCAR yaxın müddətdə məsələ ilə bağlı təkliflər hazırlayacaq.

M.Mirzaquliyev deyib ki, Azərbaycan hələ 2022-ci ildə neft nəqli üçün Qazaxıstana illik gücü 6 milyon tona qədər olan Bakı-Supsa boru kəmərini təklif edib. Məsələ ilə bağlı xeyli vaxtdır müzakirələr aparılır.

Gürcüstanın iqtisadiyyat naziri Levan Davitaşvili də məsələyə münasibət bildirib. O, Qazaxıstan neftinin nəqli ilə bağlı danışıqların iki ilə yaxındır davam etdiyini təsdiqləyib və bu il həmin kəmərlə neftin nəqlinə başlanacağına ümid edir.

L.Davitaşvili qeyd edib ki, bu, təkcə Gürcüstanın məsələsi deyil və Qazaxıstan neftinin boru kəmərinə daxil olması üçün bir neçə ölkə ilə çox sıx əməkdaşlıq mövcuddur. “Bizim birbaşa təmasda olduğumuz BP ilə sıx əməkdaşlıq tələb olunur və prinsipcə mövqelər tam uyğundur.

Neft kəmərindən istifadəyə gəlincə, bu məsələdə Azərbaycan tərəfinin mövqeyi vacibdir və burada da intensiv dialoq gedir. Müəyyən şərtlərlə razılaşmaq lazım idi, çünki Qazaxıstan nefti başqa növdür və Azərbaycan nefti ilə qarışdırıla bilməz”, - deyə Davitaşvili vurğulayıb.

Bildirilib ki, Qazaxıstan artıq öz neftinin tranziti üçün Bakı-Tbilisi-Ceyhan marşrutundan istifadə edir. Ötən il bu kəmərlə 1,39 milyon ton Qazaxıstan nefti daşınıb.

Paylaş: