22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Pompeydə 2000 il tarixi olan freska aşkarlanıb

07-03-2024

Arxeoloqlar Pompeydə yunan mifoloji hekayəsindən məşhur səhnəni əks etdirən və 2000 il tarixi olan freska aşkar ediblər.

Fhnews.az xarici mediaya istinadla xəbər verir ki, Leda evində parlaq, yaxşı qorunub saxlanılan əsər aşkar edilib. Arxeoloqlar hələ XVIII əsrdə Leda evində ilkin qazıntılar aparıblar və həmin məkanda işlər yalnız 2018-ci ildə bərpa edilib.

Pompey Arxeoloji Parkının direktoru Qabriel Zuxtrigel “Guardian” nəşrinə müsahibəsində deyib: "Bu, əla vəziyyətdə olan gözəl bir freskadır".

Rəvayətə görə, uçan qızıl qoç Hella və Frixusu onları öldürmək planı hazırlayan ögey analarından xilas edir. Lakin Hella dəniz üzərində uçarkən qoçdan yıxılır və boğulur. Freska bu anı təsvir edir: Hella suya qərq olur və əlini qardaşına uzadır.

Leda evinin şimal hissəsində altı otaq var. Tədqiqatçıların freskanı tapdığı evin cənub hissəsində hələ də qazıntı işləri aparılır. “History Blog” portalına görə, arxeoloqlar “quruluşun tam planını başa düşməyə” ümid edirlər. Onlar, həmçinin aşkar edilmiş freskaları təmizləyir, “canlı piqmenti vulkanik qalıqlar və çöküntülərdən azad edir, habelə xarici təsirə məruz qaldıqdan sonra xarab olmamaq üçün onun səthini möhkəmləndirirlər”.

UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilmiş qədim Pompey İtaliyanın ikinci ən çox ziyarət edilən turizm məkanıdır və bu baxımdan təkcə Romadakı Kolizeydən geri qalır. “Guardian” nəşrinin yazdığına görə, Zuxtrigel ümid edir ki, Leda evi də tezliklə ictimaiyyət üçün açıq olacaq.

Paylaş: