22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Parisdə keçirilən beynəlxalq tədbirdə Azərbaycan xüsusi sertifikata layiq görülüb

30-05-2024
IMG

Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) Nümayəndələri Assambleyasının Paris şəhərində keçirilən 91-ci Ali Baş Sessiyasında Azərbaycanda xırdabuynuzlu heyvanların taun xəstəliyindən azad olması statusunun rəsmiləşdirilməsi elan olunub və Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin nümayəndə heyətinə bununla bağlı xüsusi sertifikat təqdim edilib.

Fhnews.az xəbər verir ki, Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən verilən məlumata görə, təşkilatın Elm Komissiyasının rəhbəri ölkəmizin ÜHST-nin prosedur qaydalarına uyğun təqdim edilən hesabatına baxıldığını və xırdabuynuzlu heyvanların taun xəstəliyindən azad olması barədə tələblərə cavab verdiyini bildirib. Daha sonra səsvermə yolu ilə hesabat təsdiq olunub. Beləliklə, təşkilat tərəfindən ölkəmizin xırdabuynuzlu heyvanların taun xəstəliyindən azad olması barədə statusunun rəsmiləşdirilməsi beynəlxalq səviyyədə elan olunub. Sessiyada həmçinin vurğulanıb ki, Azərbaycan regionda xırdabuynuzlu heyvanların taun xəstəliyindən azad olma statusu almış yeganə ölkədir. ÜHST-nin rəhbərliyi ölkəmizin bu sahədə təcrübəsinin digər ölkələrlə də bölüşdürüləcəyini və Azərbaycanın bu sahədə liderlik edəcəyini qeyd edib.

Qeyd edək ki, sözügedən xəstəlikdən azadolma statusunun təsdiq olunması, ilk növbədə, beynəlxalq çağırışa qoşulmaqla ÜHST tərəfindən ölkəmizin baytarlıq sisteminə olan yüksək etibarının təzahürüdür. Bu da digər xüsusi təhlükəli heyvan xəstəlikləri üzrə analoji yanaşmanın tətbiq edilməsinə şərait yaradır. Digər tərəfdən isə xəstəlikdən azadolma statusu xırdabuynuzlu heyvanların və onlara aid məhsulların ixracı, habelə ölkəmizin ərazisindən keçməklə tranzit daşınması imkanlarını daha da genişləndirəcək.

Paylaş: