Paris Olimpiadasının məşəli Yunanıstandakı qədim Olimpiyadan yola düşdü
2024-cü il Paris Yay Olimpiya Oyunlarının müqəddəs atəşi oyunların vətəni olan qədim Olimpiyada alovlandırılıb. Beləliklə, iyulun 26-da keçiriləcək açılış mərasiminə qədər üç ay davam edəcək məşəl turu başlayıb. Mərasimdə Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax çıxış edərək bildirib ki, insanlar artan müharibə və qarşıdurmalardan, nifrət, təcavüz və mənfi xəbərlərdən beziblər.
“Bu gün yandırdığımız atəş bu ümidin simvoludur”-deyən Bax qeyd edib ki, builki oyun daha əvvəl iki dəfə Olimpiya Oyunlarına ev sahibliyi etmiş Parisdə yeni mərhələ yaradacaq: “Olimpiya Gündəmi islahatlarımızdan ilhamlanan ilk Olimpiya Oyunlarında Olimpiya məşəli əvvəldən axıra qədər parlayacaq.Bu Olimpiya Oyunları daha gənc, daha əhatəli və daha davamlı olacaq. Onlar tam gender bərabərliyinə malik ilk Olimpiya Oyunları olacaq, çünki Beynəlxalq Olimpiya Komitəsi kişi və qadın idmançılara yerlərin tam 50 faizini ayırıb.”
11 gün Yunanıstanı gəzdikdən sonra məşəl aprelin 26-da 1896-cı ildə ilk müasir oyunların keçirildiyi Afinadakı Panathenaic stadionunda rəsmi olaraq Paris Oyunlarının təşkilatçılarına təhvil veriləcək.
Ertəsi gün üç dirəkli “Belem” gəmisi ilə Fransaya yola düşəcək məşəlin mayın 8-də Marselin Köhnə Limanında keçiriləcək mərasimdə 150 min adam tərəfindən qarşılanması gözlənilir.
Qeyd edək ki, eramızdan əvvəl 600-cü ildə Foçanın yunan köçkünləri tərəfindən qurulan Marsel olimpiya yelkən yarışlarına ev sahibliyi edəcək. On min adamın əldən-ələ keçirəcəyi məşəl Paris Olimpiadasının açılış mərasiminin mərkəzinə çatmazdan əvvəl Fransanın materik hissəsindən və Fransanın hüdudlarından kənarda yerləşən Karib dənizi, Hind okeanı və Sakit Okean ərazilərində 64 Fransa bölgəsindən keçəcək.
O, 12 min kilometrlik səyahəti zamanı 400 şəhərdən və onlarla turistik məkandan keçəcək. Fransada 68 gün davam edəcək məşəl estafeti Parisdə iyulda keçiriləcək açılış mərasimində Olimpiya məşəlinin alovlanması ilə başa çatacaq.
Fatih Sultan Mehmet körpüsü mavi rənglə...
Filippində Kanlaon vulkanı püskürüb...
Egey dənizində 4,9 bal gücündə zəlzələ...
İstanbulda 3,8 bal gücündə zəlzələ baş...
Çin rabitə texnologiyalarını sınamaq...