Ombudsman beynəlxalq qurumları Azərbaycanın mina probleminin həllinə dəstək göstərməyə çağırıb
Azərbaycanın İnsan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyevanın rəhbərlik etdiyi nümayəndə heyəti Milli İnsan Hüquqları Təsisatlarının Qlobal Alyansının (GANHRI) Cenevrə şəhərində keçirilən növbəti illik iclasında iştirak edir.
Ombudsman Aparatının mətbuat xidmətindən verilən məlumata görə, dünyanın müxtəlif ölkələrindən milli insan hüquqları təsisatlarının rəhbər və nümayəndələrinin, habelə beynəlxalq təşkilatların təmsilçilərinin, ekspertlərin də iştirak etdiyi tədbir çərçivəsində digər cari məsələlərlə yanaşı, prioritet mövzu olaraq iqlim dəyişikliyi və insan hüquqları barədə müzakirələr aparılıb.
Ombudsman S.Əliyeva iclasda çıxışında sağlam ətraf mühitdə yaşamaq hüququnun müdafiəsi sahəsində milli insan hüquqları təsisatlarının vacib rol oynadığını qeyd edib. O, BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri sırasında iqlim dəyişikliyinə qarşı mübarizənin mühüm bir istiqamət olduğunu, bu prosesdə milli insan hüquqları təsisatlarının iştirakının əhəmiyyətinə toxunub.
S.Əliyeva bu il BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29-un Azərbaycanda keçiriləcəyini bildirərək, Ombudsman Aparatının da aidiyyəti sahədə tədbirlər planlaşdırdığını qeyd edib. Həmçinin iqlim dəyişikliyinin insan hüquqlarına mümkün təsirləri ilə bağlı məlumatlılığın artırılması istiqamətində maarifləndirici tədbirlərin təşkil olunacağı və Ombudsman təsisatının beynəlxalq meyarlara uyğun olaraq bu sahədə həyata keçirdiyi fəaliyyət diqqətə çatdırılıb.
Daha sonra milli insan hüquqları təsisatları tərəfindən 2023-cü ildə qəbul edilmiş Kiyev-Kopenhagen Bəyannaməsinin icrası istiqamətində Milli Preventiv Mexanizm (MPM) mandatı çərçivəsində görülmüş işlər barədə təcrübə mübadiləsi aparılıb.
Müvəkkil, eyni zamanda, MPM mandatı çərçivəsində görülmüş işlər, bu sahədə əldə olunmuş müsbət təcrübələr, əvvəlcədən xəbərdarlıq etmədən şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi yerlərə keçirilən başçəkmələr, eləcə də işgəncə və digər pis rəftarın qarşısının alınması mövzusunda təşkil edilən maarifləndirmə tədbirləri barədə tədbir iştirakçılarına məlumat verib.
Tədbir zamanı tematik sessiyada ombudsman tərəfindən ölkəmizin üzləşdiyi mina problemi ilə bağlı məsələ qaldırılıb, otuz ilə yaxın işğal dövründə torpaqlarımızda basdırılmış minaların keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına qayıdışına maneə yaratdığı, mülki şəxslərin həyatına və sağlamlığına ciddi təhdid törətdiyi diqqətə çatdırılıb. Müvəkkil beynəlxalq qurumları bu problemin aradan qaldırılması istiqamətində fəal olmağa və ölkəmizə dəstək göstərməyə çağırıb.
Səfər çərçivəsində ombudsman BMT-nin Avropa üzrə İqtisadi Komissiyasının icraçı katibinin müavini Dmitri Mariyasin ilə görüş keçirib. Görüş zamanı COP-29 çərçivəsində milli insan hüquqları təsisatlarının fəaliyyətinin əhəmiyyəti vurğulanıb, Azərbaycanın Ombudsman təsisatı tərəfindən bu istiqamətdə nəzərdə tutulan tədbirlər barədə müzakirələr aparılıb.
COP29-da yeni iqlim hədəfi müəyyən...
Antonio Quterreş: COP29-da əldə olunmuş...
COP29: Bakı 1,3 trilyon dollarlıq yeni...
COP29-un bağlanış plenar iclası...
Marina Silva: İqlim maliyyəsi ilə bağlı...