Norveçin qızılbalıq təsərrüfatlarında il ərzində 63 milyon balıq tələf olub
Dəniz məhsulları Norveçin ixrac strukturunda neft və qazdan sonra ikinci yeri tutur. Xüsusən, dünyada istehlak edilən təsərrüfat şəraitində yetişdirilən qızılbalığın yarısından çoxu bu ölkənin payına düşür. Belə ki, keçən il təxminən 12 milyard dollar dəyərində qızılbalıq ixracı ilə yeni rekord müəyyən edilib. Eyni zamanda, Norveçin balıqçılıq təsərrüfatlarında hər altı qızılbalıqdan biri xəsarət və infeksiyalar səbəbindən tələf olub.
Fhnews.az xəbər verir ki, Norveç Baytarlıq İnstitutunun balıqların vəziyyəti ilə bağlı illik hesabatına əsasən, ümumilikdə 63 milyona yaxın qızılbalıq tələf olub ki, bu da orta hesabla 16,7 faizə və ya yetişdirilən qızılbalıqların hər altısından birinə uyğundur. Təsərrüfatlarda heç vaxt bu qədər qızılbalıq tələf olmamışdı.
“Bunlar böyük itkilərdir. Ümid edirik ki, bu hesabat balıqların idarə olunması üçün daha dəqiq qaydalara gətirib çıxaracaq. Vəhşi qızılbalığı yetişdirmə yuvalarına yerləşdiririk və sonra onların mümkün qədər sağlam olmasını təmin etmək bizim məsuliyyətimizdir”, - deyə Baytarlıq İnstitutunun su biotəhlükəsizliyi bölməsinin rəhbəri və hesabatın redaktoru İnqunn Sommerset bildirib.
İlk dəfə olaraq, Norveçdə bu balıqların yüksək tələfat səviyyəsinin səbəbləri öyrənilib. İntensiv istehsalda iki əsas səbəbi görmək olar. Müxtəlif yoluxucu xəstəliklər, məsələn, bakteriyaların yaratdığı qış xoraları ölüm hallarının üçdəbirindən bir qədər çoxunu - 38 faizini təşkil edib. Qızılbalıq bitlərinin təmizlənməsindən sonra yaranan xəsarətlər isə 33 faiz təşkil edib. Balıqların daha 20 faizi naməlum səbəblərdən tələf olub. Təsərrüfatlarda qızılbalıq bitləri ciddi problem olaraq qalır.
İnqunn Sommerset deyir: “Norveç sahillərində 450 milyon Atlantik qızılbalığı böyük təsərrüfatlarda yetişdirilir. Bu balıqların sayı çox olduqda, bitlər də artır və balıqları onlardan təmizləmək lazım gəlir. Əvvəllər bu, dərmanlarla edilirdi, lakin bitlər artıq onlara qarşı davamlı olub. Hazırda bitlər balıqları yumaqla və ya maksimum temperaturu 34 dərəcə olan ilıq suya batırmaqla təmizlənir, amma qızılbalıq bu temperaturda özünü çox narahat hiss edir. O, 20 dərəcədən yuxarı temperaturu sevmir və araşdırmalar göstərir ki, isti su qızılbalıq üçün ağrılıdır”.
Çox vaxt belə təmizləmə prosesindən sonra balıqların sağ qalmayacağı aydın olur. Fermerlər daha sonra balığı rezervuara qaytarmaq əvəzinə, onu dərhal istehlaka yönəltməyə üstünlük verirlər. Bu üsulla nə qədər qızılbalığın tələf olması ilə bağlı statistika yoxdur. Qızılbalıq təsərrüfatlarına sahib olan şirkətlər nəhəng və gəlirlidir, bəziləri isə bir neçə ölkədə fəaliyyət göstərir.
Hesabatın redaktoru sonda deyib: “Ferma şəraitində yetişdirilən qızılbalığa tələbat o qədər böyükdür ki, şirkətlər hətta altı qızılbalıqdan biri tələf olsa da, çoxlu pul qazanırlar”.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...