22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Mütəxəssis: Keyfiyyətsiz yuxu infarkt riskini 60 faiz artırır
 

23-01-2024

Davamlı yuxusuzluq ciddi sağlamlıq problemləri ilə nəticələnə bilər.

Fhnews.az “The Lancet” jurnalına istinadla bildirir ki, London Kral Kollecinin yuxu təbabəti üzrə professoru Cek Qrinqrasi davamlı yuxusuzluğun ürək-damar və digər xəstəliklərə səbəb ola biləcəyini deyib. Onun sözlərinə görə, dünyada insanların çox az qismi müntəzəm olaraq səkkiz saat yatır. Bu, pis statistikadır və professor qeyri-kafi yuxu vərdişlərinin mümkün mənfi nəticələri barədə xəbərdarlıq edib: “Yuxusuzluq qan təzyiqinin yüksəlməsinə, qanda xolesterinin səviyyəsinin artmasına, həmçinin insult və infarkt riskinə səbəb ola bilər. Qeyri-kafi və keyfiyyətsiz yuxu ilə infarkt riski 60 faiz artır. Bu, sağlamlıq üçün yuxunun vacibliyini vurğulayan narahatedici statistikadır”.

Professor ürək-damar xəstəlikləri ilə yanaşı, yuxusuzluğun piylənməyə də səbəb ola biləcəyini və bunun da öz növbəsində müxtəlif xəstəliklərin riskini artırdığını qeyd edib. Yuxunun sağlamlıq üçün əhəmiyyətini vurğulayan mütəxəssis keyfiyyətli yuxunun beyin fəaliyyətinə faydalı təsir göstərdiyini və yaddaşın güclənməsinə kömək etdiyini deyib. O, yuxunun əhəmiyyətini düzgün qidalanmaq, pis vərdişlərdən imtina etmək və stresi azaltmaq ilə müqayisə edərək, bu amillərin sağlamlığın qorunması üçün vacib olduğunu vurğulayıb: “Bundan əlavə, fiziki fəaliyyət və idman insanın daha yaxşı yatmasına, yuxu isə öz növbəsində gün ərzində daha yüksək aktivliyə kömək edir. İnsanlar keyfiyyətli yuxuya ciddi yanaşmalı və sağlamlıq üçün əhəmiyyətini nəzərə alaraq ona lazımi diqqət yetirməlidir”.

Paylaş: