Moskva İslam İnstitutunun rektoru şərqşünas alimlərə mühazirə oxuyub
Moskva İslam İnstitutunun rektoru və Rusiya Müsəlmanları Ruhani Məclisinin müftisinin birinci müavini ilahiyyat elmləri doktoru, professor Damir Muxetdinov, Rusiya Müsəlmanları Ruhani Məclisinin müftisinin elm üzrə müavini Renat İslyamov və “islamsng.com” saytının baş redaktoru Səfa Kərimov AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda olublar.
Fhnews.az xəbər verir ki, bu barədə institutdan məlumat verilib. Bildirilib ki, rusiyalı nümayəndələr əvvəlcə Şərqşünaslıq İnstitutunun direktoru akademik Gövhər Baxşəliyeva ilə görüşüblər. G.Baxşəliyeva rusiyalı qonaqlara Şərqşünaslıq İnstitutunda İslam dini ilə bağlı aparılan tədqiqatlar, nəşr olunan monoqrafiya və kitablar barədə məlumat verib.
Professor D.Muxetdinov Moskva Şərqşünaslıq İnstitutunda islamşünaslıq sahəsində görülən işlərdən məmnunluğunu bildirib, rəhbərlik etdiyi müəssisədə aparılan tədris prosesi və elmi araşdırmalar barədə danışıb.
Şərqşünaslıq İnstitutunda keçirilən görüş Azərbaycan və Rusiya alimləri arasında ünsiyyət üçün şərait yaradılması, iki ölkənin elmi və ali təhsil müəssisələri arasında elmi mübadilənin və əməkdaşlığın inkişaf etdirilməsi, birgə layihələrin və elmi tədbirlərin həyata keçirilməsi baxımından da praktik əhəmiyyət kəsb edir. Görüşdə qarşılıqlı elmi əməkdaşlığın perspektivləri barədə aparılan müzakirələr də bu istiqamətdə atılan əhəmiyyətli addımdır.
Görüşdə akademik G.Baxşəliyeva rusiyalı qonaqlara Şərqşünaslıq İnstitutunda nəşr olunmuş kitabları hədiyyə edib. Professor D.Muxetdinov da özünün “Rusiyada İslam tarixi” kitabını akademik G.Baxşəliyevaya təqdim edib.
Rusiyalı nümayəndələr daha sonra Şərqşünaslıq İnstitutunun kollektivi ilə görüşüblər. Qonaqları kollektivə təqdim edən akademik Gövhər Baxşəliyeva Moskva İslam İnstitutu ilə elmi əməkdaşlığın əhəmiyyətini qeyd edərək, bu istiqamətdə atılan addımlardan biri kimi Rusiyanın bu tədris müəssisəsinin rəhbərinin Şərqşünaslıq İnstitutunun əməkdaşları üçün oxuyacağı mühazirənin olduğunu bildirib.
Professor D.Muxetdinov “Rusiyada İslam tarixi” mövzusunda mühazirə oxuyub.
Rus dövlətçiliyinin yaradılması və inkişafının vahid hissəsi kimi İslam tarixinin öyrənilməsində professor D.Muxetdinovun təklif etdiyi metodologiya akademik elm nümayəndələrinin böyük marağına səbəb olur.
Açıq mühazirə zamanı professor D.Muxetdinov Rusiyada İslamın yayılmasının ilk dövrlərindən bu günə kimi tarixdə baş verən hadisələri qeyd etməklə bu prosesin əsas amillərini diqqətə çatdırıb. O, Rusiyada İslamın yayılmasının ölkəsinin müxtəlif regionlarında necə baş verməsi barədə danışıb. Mühazirəçi konkret misallardan və məntiqi nəticələrdən istifadə edərək, Rusiyada İslam tarixi ilə Rusiya dövlətçiliyi arasında qırılmaz əlaqəni, digər ölkələrdə, xüsusən coğrafi və tarixi baxımdan Rusiyaya yaxın olan ölkələrdə vahid inkişaf prosesinin ümumiliyini inandırıcı şəkildə əsaslandırıb.
Dayanıqlı İnkişaf Məqsədləri və...
Burkina Fasonun nümayəndə heyəti...
Dövlət Gömrük Komitəsi xidmətə qəbul...
Bu gün Ümumdünya Fəlsəfə Günüdür...
Türkiyənin media mənsubları Ədəbiyyat...