Monitorinq: Xırdabuynuzlu heyvanların taunu xəstəliyi ilə bağlı şübhəli hal aşkarlanmayıb
Qida Təhlükəsizliyi Agentliyi Gürcüstanın Aşağı Kartli regionunda xırdabuynuzlu heyvanların taunu xəstəliyinin qeydə alınmasını nəzərə alaraq, Ağstafa, Qazax, Tovuz, Balakən, Qax, Zaqatala, Samux rayonlarının ərazilərində xəstəliyə həssas ev və vəhşi xırdabuynuzlu heyvanlar arasında epizootoloji monitorinqlər aparıb.
Fhnews.az xəbər verir ki, Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən verilən məlumata görə, martın 13-dən 29-dək keçirilən monitorinqlər zamanı həmin sərhədyanı rayonlara aid təsadüfi seçim üsulu ilə təyin edilmiş 65 yaşayış məntəqəsində mövcud olan 195 fərdi və ya fermer təsərrüfatlarında 6-12 aylıq xırdabuynuzlu heyvanlardan 845 diaqnostik nümunələr götürülüb, eyni zamanda, ev heyvanları ilə yanaşı, rayonlardakı təbiət ərazilərində vəhşi heyvanlar arasında da klinik müşahidələr aparılıb.
Götürülmüş nümunələr Qida Təhlükəsizliyi İnstitutunun Mərkəzi Baytarlıq Laboratoriyasında və Göygöl Regional Sınaq Laboratoriyasında müayinə edilib. Laborator müayinələrin və ümumi epizootoloji müşahidələrin təhlili nəticəsində xəstəliyin törədicisinə və xəstəliyə şübhəli klinik əlamətləri olan heyvana rast gəlinməyib. Nümunələr xırdabuynuzlu heyvanların çiçək xəstəliyinə görə də laborator müayinələrə cəlb olunub və yoluxmaya şübhəli hal aşkarlanmayıb.
Monitorinqlərdə Qida Təhlükəsizliyi Agentliyinin, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin rayon Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri idarələrinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin və Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin mütəxəssisləri iştirak ediblər.
Qeyd edək ki, xırdabuynuzlu heyvanların Gürcüstan ərazisindən Azərbaycana idxalına, habelə ölkəmizin ərazisindən keçməklə tranzit daşınmasına Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə uyğun olaraq müvəqqəti məhdudiyyət tətbiq olunub.
Braziliya rəsmisi: Meşələrin qorunması...
Qətər rəsmisi: Azərbaycanla əlaqələr...
Audiovizual Şura platforma...
COP29-da Ermənistanın ərazilərimizdə...
COP29 çərçivəsində SPECA İqlim Ağıllı...