13 may 2025, çərşənbə axşamı Bakı, 21°C
IMG-LOGO

Milli Məclisin Səhiyyə komitəsinin yaz sessiyasında ilk iclası keçirilib

18-01-2024

Yanvarın 18-də Milli Məclisin Səhiyyə komitəsinin 2024-cü ilin yaz sessiyasında ilk iclası keçirilib.

Fhnews.az xəbər verir ki, komitə sədri Əhliman Əmiraslanov iclasın gündəliyinə iki məsələnin – 2023-cü ilin payız sessiyası dövründə Səhiyyə komitəsində görülən işlər barədə hesabatın və komitənin 2024-cü ilin yaz sessiyası üçün iş planının layihəsinin daxil edildiyini diqqətə çatdırıb.

Komitə sədri əvvəlcə 2023-cü ilin payız sessiyası ərzində komitədə görülən işlər barədə məlumat verib. O, bildirib ki, hesabat dövründə komitənin 5 iclası keçirilib, 6 məsələyə baxılıb.

Ə.Əmiraslanov diqqətə çatdırıb ki, ötən sessiyada komitə üzvləri “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirələrində fəal iştirak ediblər. Bu ilin büdcəsinin də sosialyönümlü olduğunu deyən komitə sədri, səhiyyə sahəsinə ayrılan vəsaitin artırıldığını, bunun əhaliyə göstərilən tibbi xidmətin keyfiyyətinin yüksəlməsinə, bu sahənin daha da inkişafına xidmət edəcəyini söyləyib.

Bildirilib ki, hesabat dövründə komitədə böyük əhəmiyyət kəsb edən məsələlərin müzakirəsinə həsr olunmuş “Ailə sağlamlığı və dəyərləri qanunvericilik aspektində” və “Tibbi tullantıların idarə olunması” mövzularında dinləmələr keçirilib.

Sonra Ə.Əmiraslanov Səhiyyə komitəsinin 2024-cü ilin yaz sessiyası üçün iş planının layihəsini təqdim edib. O, bildirib ki, bu sessiyada qanunvericilik təşəbbüsü qaydasında təqdim edilən qanun layihələrinə baxılacaq, komitəyə daxil olan sənədlər müzakirə olunacaq, onlara rəy və təkliflər hazırlanacaq. Komitə sədri yoluxucu xəstəliklərlə mübarizə, virus infeksiyaları ilə bağlı ölkədəki mövcud vəziyyət, peyvəndləmə və görülən tədbirlərə dair dinləmənin keçirilməsinin də nəzərdə tutulduğunu söyləyib.

İclasda çıxış edən komitə sədrinin müavini Rəşad Mahmudov, üzvləri Sədaqət Vəliyeva, Məlahət İbrahimqızı, Soltan Məmmədov, İlham Məmmədov, Müşfiq Məmmədli, Parlament Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev ötən sessiya ərzində komitənin fəaliyyətini yüksək dəyərləndirib, yaz sessiyası üçün nəzərdə tutulan təbirləri məqsədəmüvafiq hesab edib, bəzi təkliflərini səsləndiriblər.

Müzakirələrin yekununda Səhiyyə komitəsində 2023-cü ilin payız sessiyası dövründə görülən işlər barədə hesabat nəzərə alınıb, komitənin 2024-cü ilin yaz sessiyası üçün iş planı təsdiq edilib.

Sonda komitə sədri fevralın 7-də ölkəmizdə keçiriləcək növbədənkənar prezident seçkilərinə toxunub, bu prosesdə vətəndaşların fəal iştirak edəcəyinə əminliyini bildirib.

Paylaş: