Milli Azərbaycan Ədəbiyyatı Muzeyi ilə Moskva İslam İnstitutu birgə elmi layihə həyata keçirəcək
Azərbaycanda səfərdə olan Moskva İslam İnstitutunun rektoru, Rusiya Müsəlmanları Ruhani Məclisinin müftisinin birinci müavini, Sankt-Peterburq Dövlət Universiteti nəzdində İslam Araşdırmalar Mərkəzinin rəhbəri, ilahiyyatçı, professor Dəmir Muxetdinov rəhbərlik etdiyi nümayəndə heyəti ilə birlikdə növbəti dəfə Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində olub.
Fhnews.az xəbər verir ki, Muzeydən verilən məlumata görə, Dəmir Muxetdinov muzeyin direktoru akademik Rafael Hüseynovla görüşüb. Görüşdə Rusiya Müsəlmanları Ruhani Məclisinin müftisinin elm üzrə müavini Renat İslyamov, Moskva İslam İnstitutunun elmi işlər üzrə prorektoru Renat İslamov və “MDB-də İslam” informasiya resursunun baş redaktoru, Azərbaycan İlahiyyat İnstitutunun fəxri doktoru Səfa Kərimov da iştirak ediblər.
Görüş zamanı Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi və Moskva İslam İnstitutu arasında elmi əməkdaşlıq haqqında saziş imzalanıb.
İmzalanmış sənədə əsasən “Mədinə” nəşriyyat evinin “İslam minarəsi” jurnalının bir neçə nömrəsi Azərbaycan klassiklərinə həsr ediləcək. Elmi layihədə Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin, Moskva İslam İnstitutunun, Sankt-Peterburq Dövlət Universitetinin İslam Araşdırmalar Mərkəzinin əməkdaşlarının iştirakı nəzərdə tutulub.
Azərbaycan və Rusiya akademik dairələri tərəfindən dəstəklənən bu layihə iki ölkə arasında elmi və mədəni əlaqələrin inkişafı üçün mühüm töhfədir.
Qeyd edək ki, “İslam minarəsi” beynəlxalq jurnalı Rusiyada şərqşünaslıq sahəsində ən nüfuzlu elmi nəşrlərdən biridir və 2009-cu ildən etibarən rus, ingilis və ərəb dillərində çap edilir.
Dayanıqlı İnkişaf Məqsədləri və...
Burkina Fasonun nümayəndə heyəti...
Dövlət Gömrük Komitəsi xidmətə qəbul...
Bu gün Ümumdünya Fəlsəfə Günüdür...
Türkiyənin media mənsubları Ədəbiyyat...