22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Mayın 20-də dünyada üç beynəlxalq əlamətdar gün qeyd olunur

20-05-2024
IMG

Bu gün dünya ictimaiyyəti üç beynəlxalq əlamətdar günü qeyd edir.

Fhnews.az xəbər verir ki, onlardan birincisi - Ümumdünya Metrologiya Günü 1999-cu ildə Beynəlxalq Çəkilər və Ölçülər Komitəsi tərəfindən təsis edilib. Bayramın tarixi Metr Konvensiyasının imzalanması şərəfinə seçilib. 1875-ci il mayın 20-də Parisdə keçirilən Diplomatik Metroloji Konfransda 17 ölkə tərəfindən imzalanmış Metrik Konvensiya sonradan beynəlxalq metroloji məkanın əsasını qoyan elmi-texniki əməkdaşlıq haqqında ilk hökumətlərarası saziş olub.

Daha bir əlamətdar gün Ümumdünya Arılar Günüdür. O, Birləşmiş Millətlər Təşkilatının beynəlxalq günlər sistemində qeyd olunur. Bu çərçivədə arı populyasiyasının azalması probleminə və təbiətin katalizatoru rolunu oynayan bu həşəratların qorunmasının vacibliyinə diqqət çəkmək üçün elmi konfranslar təşkil edilir. BMT Baş Assambleyası mayın 20-də qeyd olunan Ümumdünya Arılar Gününü müasir arıçılığın qabaqcılı sayılan məşhur sloveniyalı arıçı Anton Yanşanın doğum günü şərəfinə seçib.

Daha bir əlamətdar gün - Beynəlxalq Klinik Tədqiqat Günü 2005-ci ildə Avropa Klinik Tədqiqat İnfrastrukturları Şəbəkəsi qeyri-kommersiya təşkilatı tərəfindən klinik tədqiqatların əhəmiyyəti haqqında məlumatlılığı artırmaq və beynəlxalq klinik tədqiqatları təşviq etmək məqsədilə təsis edilib. Bu kontekstdə yeni dərmanların və ya müalicə və diaqnostika üsullarının effektivliyini və təhlükəsizliyini qiymətləndirmək üçün klinik sınaqlar aparılır. Onların əsasında səlahiyyətli səhiyyə orqanları dərmanın qeydiyyatına və bazara çıxarılmasına icazə verib-verməmək barədə qərar qəbul edirlər.

Paylaş: