Mədəniyyət və incəsənət sahəsində süni intellektin tətbiqi məsələləri müzakirə olunub
Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutu və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) elmi şuralarının birgə iclası keçirilib.
Fhnews.az xəbər verir ki, İnstitutdan verilən məlumata görə, əvvəlcə ADMİU-nun rəhbərliyi və digər məsul əməkdaşları “AzScienceNet”, Tədris-İnnovasiya, Multimedia Texnologiyaları və Elektron Kitabxana Mərkəzi ilə yaxından tanış olublar.
AMEA-nın vitse-prezidenti, institutun baş direktoru, akademik Rasim Əliquliyev bu elmi qurumda IV Sənaye İnqilabının və dünyanın qlobal çağırışlarını, ölkəmizin milli və strateji maraqlarından irəli gələn elmi tədqiqatların aparıldığını söyləyib. Akademik qeyd edib ki, institutda süni intellekt, kiberdayanıqlılıq, Big Data, e-dövlət, e-təhsil, Əşyaların interneti və sair kimi aktual elmi-nəzəri və tətbiqi problemlər üzrə tədqiqatlar aparılır, yüksəkixtisaslı kadr hazırlığı həyata keçirilir.
Sonra birgə iclasda çıxış edən akademik Rasim Əliquliyev ali məktəblə elmi müəssisənin elm, təhsil və innovasiyanın inteqrasiyasının dərinləşdirilməsi istiqamətində birgə fəaliyyətin böyük əhəmiyyət kəsb etdiyini bildirib. O, Prezident İlham Əliyevin çıxışlarında qlobal texnoloji inkişafa adekvat olan, müasir dövrün tələblərinə cavab verən intellektual insan resurslarının yetişdirilməsinin dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu qeyd etdiyini, müvafiq dövlət qurumları və alimlərin qarşısında mühüm vəzifələr qoyduğunu söyləyib.
AMEA-nın vitse-prezidenti süni intellekt texnologiyalarının mədəniyyət və incəsənətin müxtəlif sahələrinə, yaradıcılıq proseslərinə transformasiyası istiqamətində birgə tədqiqatların aparılmasının, yüksəkixtisaslı kadrların, yeni nəsil yaradıcı insanların hazırlanmasının qarşıda duran mühüm vəzifələrdən olduğunu söyləyib.
ADMİU-nun rektoru professor Ceyran Mahmudova çıxış edərək İnformasiya Texnologiyaları İnstitutu ilə elmi-tədqiqat üzrə birgə fəaliyyətlə yanaşı, tədrisin keyfiyyətinin yaxşılaşdırılması və kadr hazırlığı istiqamətində də uğurlu əməkdaşlığın həyata keçiriləcəyinə əminliyini ifadə edib. O, müasir dövrdə süni intellekt texnologiyalarının ictimai həyatın bütün sferalarına olduğu kimi, mədəniyyət və incəsənətin müxtəlif sahələrinə də dərindən nüfuz etdiyini bildirib.
İnstitutun şöbə müdiri Fərhad Yusifov ADMİU-nun magistraturasında tədris üçün hazırlanmış “Süni intellekt və incəsənət” fənni üzrə proqram haqqında ətraflı məlumat verib. O, proqramın institutun qabaqcıl alimlərinin təklifləri, həmçinin dünyanın aparıcı universitetlərinin təcrübəsinə əsaslanaraq tərtib edildiyini diqqətə çatdırıb.
Daha sonra elmi şuraların birgə iclası interaktiv dialoq formatında davam edib. Kinoşünaslıq və ekran dramaturgiyası kafedrasının müdiri, Əməkdar incəsənət xadimi, professor Əli Əmirli, sənətşünaslıq üzrə elmlər doktoru, professor Məryəm Əlizadə, Musiqili teatr aktyoru kafedrasının müdiri, Əməkdar artist, dosent Azad Şükürov, Keyfiyyət təminatı və strateji planlama departamentinin müdir müavini, Teatrşünaslıq kafedrasının dosenti Elçin Cəfərov, rektorun tədrisdə innovasiyalar üzrə müşaviri, Əməkdar incəsənət xadimi, professor Validə Məmmədova, Xalq artisti, professor Zamiq Əliyev təqdim edilən mövzulara öz münasibətlərini, həmçinin proqramın gələcəkdə daha da təkmilləşdirilməsinə dair arzularını bildiriblər.
Müzakirələr zamanı iki qurum arasında mədəniyyət, incəsənət və süni intellekt məsələlərinə həsr olunmuş birgə tədqiqatların aparılması, layihələrin həyata keçirilməsi, elmi konfrans və seminarların təşkilinə dair təkliflər də irəli sürülüb.
Dayanıqlı İnkişaf Məqsədləri və...
Burkina Fasonun nümayəndə heyəti...
Dövlət Gömrük Komitəsi xidmətə qəbul...
Bu gün Ümumdünya Fəlsəfə Günüdür...
Türkiyənin media mənsubları Ədəbiyyat...