22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

“Yaşıl energetika və onun perspektivləri” mövzusunda seminar təşkil edilib

10-07-2024
IMG

Elm və Təhsil Nazirliyinin akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunda “Yaşıl dünya naminə həmrəylik ili” ilə bağlı tədbirlər planına uyğun olaraq ekoloji maarifləndirmə seminarları davam etdirilir.

İnstitutda “Yaşıl energetika və onun perspektivləri” mövzusunda növbəti seminar təşkil edilib.

Fhnews.az xəbər verir ki, giriş nitqi ilə çıxış edən institutun icraçı direktoru professor Əfsun Sucayev bildirib ki, qlobal ekoloji problemlərin həlli, ölkəmizdə ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi istiqamətində çox ciddi dövlət əhəmiyyətli işlər aparılır. Alimlərimiz də elan olunan yaşıllaşdırma hərəkatına kömək göstərmək məqsədilə, öz tədqiqat sahələrinə uyğun fundamental və tətbiqyönlü elmi araşdırmalar aparmaqla öz töhfələrini verməyə çalışırlar.

Ə.Sucayev qeyd edib ki, “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr etdiyimiz seminarların məqsədi indiyə qədər yerinə yetirilmiş tədqiqatların nəticələrini müzakirə etmək və bundan sonra həmin tədqiqatların davamı olaraq perspektiv fəaliyyət istiqamətlərini müəyyənləşdirməkdir.

Sonra Yanacaq  kompozisiyaları laboratoriyasının aparıcı elmi işçisi kimya üzrə fəlsəfə doktoru Lalə Mahmudova “Yaşıl energetika və onun perspektivləri” mövzusunda geniş təqdimatla çıxış edib.

O qeyd edib ki, çalışdığı laboratoriyada aparılan elmi-tədqiqat işlərinin əsas istiqamətlərindən biri dizel yanacaqlarının setan ədədini artırmaq və onların istismarı zamanı tüstülənməni və zərərli qazların miqdarını azaltmaq məqsədilə bir sıra asetallar, ketallar və alkilfenollar əsasında metalsaxlayan birləşmələr sintezi və tədqiqini əhatə edib. Onun tərəfindən sintez edilmiş birləşmələrin yanacaqların saxlanılması və istismarı zamanı onlarda gedən proseslərə təsiri öyrənilib.

L.Mahmudova onu da əlavə edib ki, laboratoriyada aparılan elmi-tədqiqat işlərinin bir istiqaməti də biodizel yanacağı əsasında ekoloji təhlükəsiz, yüksək keyfiyyətli aşqar və yanacaq kompozisiyalarının yaradılması ilə bağlıdır: “Bu məqsədlə bitki yağlarının efirləşmə reaksiyası aparılır, alınmış qarışıq məhsulların tərkibinə heteroatomlar (N, S), qələvi metallar və müəyyən keyfiyyət göstəricilərinə malik funksional qruplar daxil edilır”.

Onun sözlərinə görə, laboratoriyada inkişaf etdirilən bu elmi istiqamətlər ölkə iqtisadiyyatının bir sıra məsələlərinin səmərəli şəkildə həll edilməsinə və ətraf mühitin ekoloji təhlükəsizliyinin qorunmasına imkan verəcək.

Təqdimatla bağlı laboratoriya müdiri tex.e.d. Yulduz Ramazanova, aparıcı elmi işçi k.ü.f.d. Nüsrət Əliyev və digərləri öz fikirlərini bildirib, rəy və təkliflərini səsləndiriblər.

Paylaş: