22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

“Qala” Qoruğunda Etno Fest

01-06-2024
IMG

Mayın 31-dən iyunun 2-dək “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin təşkilatçılığı ilə “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunda Qala Etno Fest keçirilir.

Fhnews.az xəbər verir ki, Qala Dövlət Tarix-Etnoqrafiya Qoruğunun ekspozisiya şöbəsinin müdiri Turan Həsənova jurnalistlərə müsahibəsində festival barədə danışıb: “Tədbir çərçivəsində ənənəvi və etnoidman növlərinin həvəskarları oxatma, nərd, şahmat və dama kimi masaüstü oyunlarda iştirak edirlər. Kiçik ziyarətçilər üçün isə etno və uşaq oyunları, rəsm müsabiqələri təşkil edilib”.

Milli Məclisin deputatı Fazil Mustafa öz növbəsində bu cür tədbirlərin keçirilməsini yüksək qiymətləndirib. O, tarixi abidələrin tanıdılması və qorunması istiqamətində böyük işlər görüldüyünü diqqətə çatdırıb. “Ümid edirəm ki, belə festivallar xalqımızda tarixi mirasımıza qarşı diqqəti və həssaslığı artıracaq”, - deyə deputat bildirib.

Festivalda iştirak edən Milli Məclisin deputatları, ictimaiyyət nümayəndələri “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğu ilə yaxından tanış olublar.

Qala Etno Fest çərçivəsində, Qala qəsrində “Qala tarixi fotolarda” sərgisi ziyarətçilərə təqdim olunub.

Günümüzə qədər qorunub saxlanmış, dublalı (bacalı) evləri ilə məşhur, XVIII əsrə aid unikal Abşeron kəndi nümunəsi olan və hazırda “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunda muzey kompleksi formasında qorunan “Dulusçu evi”nin həyətindəki 300 yaşlı püstə ağacının altında ölkəmizin önəmli mədəniyyət xadimləri ilə görüşlər keçirilib.

“Püstə ağacının altında görüş” silsiləsində “Türk damğaları”, “Keramika sənəti”, “Abşeron arxeologiyası” və “Dəzgah və kitab qrafikası” mövzularında görüşlərin təşkili etnomədəni mühitə xüsusi ab-hava qatıb.

Sənətkarlıq və qədim peşələrlə maraqlananlar üçün dulusçuluq, xalçaçılıq, boyakarlıq, dəmirçilik, qurama, keçə sənəti, zərgərlik, vitraj, ağacoyma, keramika, rəngləmə, ebru və şam düzəltmə üzrə ustad dərsləri də təşkil olunub.

 

 

 

Paylaş: