“Landşaft dizaynında dekorativ ot bitkiləri” kitabı çap olunub
Elm və Təhsil Nazirliyi Dendrologiya İnstitutunun direktor vəzifəsini icra edən dosent Minarə Həsənova və Bəzək memarlığı laboratoriyasının müdiri dosent Şəlalə Gülməmmədovanın həmmüəllif olduqları “Landşaft dizaynında dekorativ ot bitkiləri” kitabı çapdan çıxıb.
İnstitutdan bildirilib ki, kitabda dekorativ ot bitkilərinin öyrənilmə tarixi, botaniki-coğrafi, bioloji xüsusiyyətləri, çoxaldılması, ekoloji amillərə davamlılığı, aqrotexnikası, xəstəlik və zərərvericilərə qarşı mübarizə üsulları, landşaft dizaynında, kompozisiyaların yaradılmasında istifadəsi haqqında məlumat verilib.
Qeyd edək ki, dünyanın bir çox ölkələrindən gətirilən yeni növ dekorativ ot bitkilərinin Abşeronun torpaq-iqlim şəraitində bioloji xüsusiyyətləri, dekorativlik əlamətləri, ekoloji amillərə davamlılığı və landşaft memarlığında istifadəsinin elmi əsaslarla öyrənilməsi aktual məsələlərdən biridir. Hələ 2004-2006-cı illərdə Şəlalə Gülməmmədova tərəfindən Dendrarinin təcrübə sahəsində Niderland, Amerika, Çin və yerli floradan 5 fəsiləyə, 8 cinsə aid 12 növ və 11 sort dekorativ ot bitkisi ilk dəfə olaraq Abşeron şəraitinə introduksiya edilərək cücərtilərin morfologiyası, böyümə dinamikası, kök sisteminin xarakteristikası, bitkilərin fenologiyası, çoxaldılması, ekoloji amillərə davamlılığı, aqrotexnikası, xəstəlik və zərərvericilərə qarşı mübarizə üsulları öyrənilib və Abşeronun yaşıllaşdırılmasında, müxtəlif formalı kompozisiyaların tərtibatında istifadə edilib.
Kitab geniş oxucu kütləsi, o cümlədən botaniklər, bioloqlar, ekoloqlar, landşaft dizaynerləri, universitetlərin müvafiq fakültələrinin tələbə, magistrant və doktorantları üçün nəzərdə tutulub.
Dayanıqlı İnkişaf Məqsədləri və...
Burkina Fasonun nümayəndə heyəti...
Dövlət Gömrük Komitəsi xidmətə qəbul...
Bu gün Ümumdünya Fəlsəfə Günüdür...
Türkiyənin media mənsubları Ədəbiyyat...