23 noyabr 2024, şənbə Bakı, 13°C
IMG-LOGO

“Biznes mühitinin yaxşılaşdırılması üzrə iqtisadi islahatlar və müasir çağırışlar” mövzusunda konfrans keçirilib

07-03-2024

Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın təşkilatçılığı ilə 2024-cü il 7 mart tarixində “Biznes mühitinin yaxşılaşdırılması üzrə iqtisadi islahatlar və müasir çağırışlar” mövzusunda konfrans keçirilib.

Fhnews.az xəbər verir ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən verilən məlumata görə,  konfransda dövlət və hökumət nümayəndələri, Komissiyanın işçi qruplarının rəhbərləri və üzvləri, eləcə də özəl sektorun təmsilçiləri, şirkət rəhbərləri iştirak ediblər.

 Konfransın açılışını və moderatorluğunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlı edib. O bildirib ki, İİTKM iqtisadi islahatların rəqəmsal idarəetmə platforması olan “azranking.az” portalı vasitəsilə qlobal trendlərə uyğun şəkildə yaşıl və rəqəmsal transformasiyaya dəstək vermək, eyni zamanda davamlı iqtisadi inkişafı stimullaşdırmaq məqsədi daşıyır. V.Qasımlının sözlərinə görə, Prezident İlham Əliyevin rəhbərliyi altında islahat gündəliyi və təşviq siyasəti, eləcə də böyük qayıdış, Bakının baş planı, yaşıl enerji, nəqliyyat-logistika, sənaye, regionların inkişafı və özəlləşdirmə proqramları qeyri-dövlət sərmayələrinin cəlbini sürətləndirə bilər.

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin sektor müdiri, Komissiyanın Katibliyinin rəhbəri Vüsal Şıxəliyev “Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın 2023-cü il üzrə fəaliyyəti və qarşıda duran prioritetlər” mövzusunda təqdimatla çıxış edib. O bildirib ki, 2023-cü ildə Komissiyanın mandatına uyğun olaraq, aidiyyəti dövlət qurumlarının təşəbbüsü ilə prioritet istiqamətlərdə 5 yeni işçi qrup və 2 yeni əlaqələndirmə qrupu yaradılıb. Ümumilikdə, Komissiya çərçivəsində 25 işçi qrup, 2 əlaqələndirmə qrupu və spesifik sahələr (ekoloji nəqliyyat, elmi potensial, sərhəddə ticarət və ESG) üzrə 4 altqrup fəaliyyət göstərir və Komissiyanın işçi qruplarının üzvlərinin ümumi sayı 660-dan çoxdur. V.Şıxəliyev qeyd edib ki, hesabat ilində müasir çağırışlar nəzərə alınmaqla yeni prioritet fəaliyyət istiqamətləri müəyyənləşdirilib və icrası təmin edilib. Ötən il ərzində Dünya Bankının “Business Ready” hesabatı ilə bağlı 13 Yol Xəritəsi (ümumilikdə, 472 tədbir), habelə digər mühüm istiqamətlərdə 14 Fəaliyyət Planı və Yol Xəritəsi icra olunub. Komissiya çərçivəsində müvafiq dövlət qurumlarının rəhbərliyi altında 30-dan çox normativ hüquqi aktın layihəsi hazırlanaraq aidiyyəti üzrə təqdim edilib, biznes mühitinin əlverişliliyinin artırılmasına xidmət edən mühüm qanunvericilik sənədləri qəbul olunub. Komissiya çərçivəsində daha səmərəli və çevik koordinasiya/kommunikasiyanın təşkili, eləcə də inklüzivliyin və vahid sinerjinin yaradılması hədəflənir.

Konfransda Azərbaycan qanunvericiliyinin təkmilləşdirilməsi, dövlət-biznes dialoqu, biznes mühitinin yaxşılaşdırılması, özəl sektorun investisiya mühitinin yaxşılaşdırılmasına dəstəyi, maliyyə xidmətlərinin inkişafı, e-dövlət xidmətlərinin göstərilməsi və internet infrastrukturu üzrə islahatlar, ekoloji təhlükəsizlik, tikinti sektorunda islahatlar, daşınmaz əmlakla bağlı informasiya sisteminin yaradılması və digər mövzularda təqdimatlar edilib.

Qeyd edək ki, Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiya Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 13 iyul tarixli Sərəncamı ilə yaradılıb. Komissiyanın yaradılmasında məqsəd sahibkarlıq fəaliyyətinin optimal gəlirliliyini təmin edəcək və rəqabət prinsiplərinə əsaslanacaq biznes mühiti yaratmaq, ölkənin investisiya cəlbediciliyini artırmaq, beynəlxalq reytinqlərdə Azərbaycanın mövqeyini daha da yaxşılaşdırmaq üçün qanunvericiliyin və inzibatçılığın təkmilləşdirilməsi və bu istiqamətdə digər zəruri tədbirlərin görülməsinə nail olmaqdır.

Paylaş: