“Baku ID” innovasiya festivalına yekun vurulub
SABAH.HUB İnnovasiya Mərkəzinin dəstəyi ilə yaradılmış, Azərbaycanın və regionun əsas startap innovasiya tədbiri olan “Baku ID” innovasiya festivalına yekun vurulub.
Fhnews.az xəbər verir ki, “Bakı Kristal Zal”da təşkil olunan “Baku ID”-nin ikinci günü "İqtisadiyyatları transformasiya edən texnoparklar: innovasiya və startap artımına təkan verir" adlı panel sessiya ilə başlayıb.
Şərqi Avropada texnoloji innovasiyaları əhatə edən informasiya və analitik agentlik olan “East-West Digital News”un həmtəsisçisi, Fransa və Şərqi Avropada texnologiya və vençur kapitalı sektorlarında təxminən 20 illik təcrübəyə malik Adrien Henneyin moderatorluğu ilə keçən panel sessiyada investorlara, startaplara və digər təşkilatlara ətraflı məlumatlar verilib.
Panel sessiyada Elm və Təhsil Nazirliyinin "Yüksək Texnologiyalar Parkı” MMC-nin baş direktoru Nihat Məcidov, “Bilişim Vadisi”nin baş direktoru Ekram Tüzgen, Orta Şərq Teknik Universitetinin Teknokənd nümayəndəsi Serdar Alemdar, qazaxıstanlı nümayəndə İskendir Amirkhan, Ukraynanın "Phoenix Tech Fondu"nun əməkdaşı Dominique Piotet, "StrategEast"in Qafqaz üzrə regional direktoru Lika Merabişvili texnoparklar, investisiyaların cəlb olunması, vençur fondlar barədə ətraflı məlumat veriblər. Qeyd olunub ki, hazırda “Bilişim Vadisi” Türkiyə üzrə 600 şirkətlə əməkdaşlıq edir. Bakıda da filialı olan “Bilişim Vadisi” Azərbaycanda 20 şirkətlə əməkdaşlıq qurub.
Bildirilib ki, “Bilişim Vadisi” Bakı Mərkəzinin tələbələrin kibertəhlükəsizlik istiqamətində İnformatika və İnformasiya Təhlükəsizliyi Qabaqcıl Texnologiyalar üzrə Araşdırma Mərkəzində (BİLGEM) təlimə göndərilməsi, həmçinin müəllimlərin BİLGEM-in kibertəhlükəsizlik sahəsində tədqiqat təcrübəsindən faydalanması da prioritet məsələlərdəndir.
Sonra İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin tərəfdaşı olduğu Bakı İnvestisiya Günü ("Baku ID") tədbirinin ikinci günü “Emissiyanın sıfıra enməsində startapların artan rolu” paneli baş tutub.
4SİM-in icraçı direktoru Fariz Cəfərov paneldə spiker qismində çıxış edib. O, Dördüncü Sənaye İnqilabı texnologiyalarının tətbiqi yolu ilə sənayedə səmərəliliyə nail olunması və emissiyaların azaldılması imkanları barədə danışıb. 4SİM-in icra etdiyi “4Sİ Akademiyası” layihəsi və onun ölkədə rəqəmsal bilik və bacarıqların inkişafında önəmi qeyd olunub.
Festival çərçivəsində iştirakçılar 4SİM stendinə yaxınlaşaraq “4Sİ Akademiyası”nın təklif etdiyi “Coursera” platformasında kurslardan ödənişsiz yararlanmaq üçün kuponlar qazanıblar.
Qeyd edək ki, "Baku ID” tədbirində 200-dən çox yerli və xarici investor, 100-dən çox xarici və yerli startap, 5000 iştirakçı və 50-dən artıq tərəfdaş iştirak edib.
Bu gün "Baku ID" innovasiya festivalı çərçivəsində “Al-Farabi Innovation Hub” ilə SABAH.HUB və Yüksək Texnologiyalar Parkı arasında memorandumlar imzalanıb.
Tədbirin yekununda “Startup Wise Guys”, “Al-Farabi Innovation Hub”, “Caucasus Ventures”, “MOST Ventures”, “Startupbootcamp”, “Aloqa Ventures” və “SABAH.fund” vençur fondlarının dəstəyi ilə ümumi məbləği bir milyon dollar olan sindikat fond yaradılıb. İki gün davam edən festivalda bir sıra startap layihələri təqdim edilib. Festivalın sonunda səmərəli layihə təqdim edən 10 startapa sponsorlar tərəfindən 100 min dollar məbləğində maliyyə dəstəyi göstərilib.
“Baku ID”nin baş sponsorları Elm və Təhsil Nazirliyi, SOCAR, “PAŞA Holding”, ABB və “Mappable”, tərəfdaşlar isə Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) və İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyidir. AZƏRTAC tədbirin media tərəfdaşıdır.
COP29 zolaqlarında yol nişanlarının...
COP29: İsrailin aerokosmik şirkəti...
İstanbulda I Enerji Forumu çərçivəsində...
Nazir Rəşad Nəbiyev İsrailin nəqliyyat...
Prezident Ərdoğan: Bakıda keçirilən...