23 noyabr 2024, şənbə Bakı, 13°C
IMG-LOGO

“AzerBlast”: Gəncədəki partlayıcı maddələr istehsalı zavodunun gücü 31,5 min tona çatdırılacaq
 

30-01-2024

Gəncə şəhərində Sənaye Partlayıcı Maddələrinin İstehsalı Zavodunda xüsusilə dağ-mədən və inşaat sənayesində istifadə olunan partlayıcı növləri ANFO və “Heavy ANFO”nun istehsalı həyata keçirilir. Fəaliyyətin ilkin mərhələsində zavodda yerli tələbat və ixrac potensialları qiymətləndirilməklə illik 14 min ton ANFO və H-ANFO partlayıcı maddələrinin istehsalı nəzərdə tutulub.

Fhnews.az xəbər verir ki, bu barədə “AzerBlast” MMC-nin icraçı direktoru Rizvan Baxşiyev ötən ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş mətbuat konfransında deyib.

O qeyd edib ki, işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurun dağ-mədən sənayesi üzrə mövcud potensialı, genişmiqyaslı tikinti layihələri, həmçinin ixrac potensialı nəzərə alınaraq, növbəti mərhələdə zavodun illik istehsal həcminin maksimal həddə - 31,5 min tona çatdırılması planlaşdırılır.

“Müəssisənin təhlükə potensiallı istehsal sahəsi olduğu xüsusilə nəzərə alınaraq, zavodda yerli və beynəlxalq qanunvericiliyin tələblərinə uyğun texniki təhlükəsizlik tam təmin olunub. Layihəyə 15 milyon manat sərmayə qoyulub. İnşaat işlərinə 5,5 milyon manat, avadanlıqların alınması və quraşdırılmasına 4 milyon manat vəsait sərf olunub. Layihə dövlət büdcəsinə əlavə yük yaradılmadan, təsisçilərin daxili imkanları hesabına icra edilib. Layihə üzrə nəzərdə tutulan digər vəsaitlər isə əməliyyat xərclərini təşkil edir”, - deyə məlumatda Rizvan Baxşiyev qeyd edib.

Paylaş: