23 noyabr 2024, şənbə Bakı, 13°C
IMG-LOGO

“Azərbaycan Hava Yolları” Avropa Beynəlxalq Hava Limanları Şurasına üzv olub

19-04-2024

Heydər Əliyev Beynəlxalq Aeroportu hava limanları operatorlarının yeganə qlobal təşkilatı olan Avropa Beynəlxalq Hava Limanları Şurasının (Airports Council International, ACI Europe) sıralarına qoşulub. Bununla yanaşı, Azərbaycanın digər hava limanı Gəncə Beynəlxalq hava limanı da şuraya üzv seçilib.

Fhnews.az xəbər verir ki, bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidmətindən bildirilib.

Azərbaycan Mülki Aviasiyası üçün əlamətdar hadisə “Azərbaycan Hava Yolları” QSC-nin prezidenti Samir Rzayev və “ACI World” təşkilatının baş icraçı direktoru Luis Felipe de Oliveyranın iştirakı ilə dünya səviyyəli hava limanı konfransı və sərgisi olan “Passenger Terminal Expo 2024” çərçivəsində keçirilib. Görüşdə rəsmi olaraq “ACI Europe”a üzvlük sertifikatı təqdim olunub. Aeroport xidmətlərinin keyfiyyətinin və sərnişin təcrübəsinin yüksəldilməsi üçün əməkdaşlığın vacibliyi vurğulanıb.

“Avropa Beynəlxalq Hava Limanları Şurasına qoşulmaq bizim üçün yeni üfüqlər açan əlamətdar hadisə olmaqla yanaşı, inkişaf və təkmilləşmə istiqamətində mühüm addımdır. Bu, bizə xidmət keyfiyyətini daha da yaxşılaşdırmaq, qabaqcıl təcrübələri tətbiq etmək və qlobal aviasiya arenasında mövqeyimizi gücləndirmək imkanı verəcək”, - deyə “Azərbaycan Hava Yolları” QSC-nin prezidenti Samir Rzayev bildirib.

“ACI Avropa Şurası tərəfindən təmsil olunan ümumavropa hava limanı ictimaiyyəti adından Azərbaycanın paytaxtı Bakıya xidmət göstərən əsas qapısı olan Heydər Əliyev Beynəlxalq Aeroportuna səmimi salamlarımı çatdırmaq istərdim. Dayanıqlılıq və karbonsizləşdirmə, maliyyə və əməliyyat dayanıqlığı və xidmət göstərdiyimiz icmalar üçün rəqabətədavamlı əlaqələrin inkişaf etdirilməsi də daxil olmaqla, sənaye üçün vacib məsələlər üzrə hava limanı ilə yaxından işləməyi səbirsizliklə gözləyirəm”, -deyə Beynəlxalq Hava Limanları Şurasının (ACI Avropa) baş direktoru Olivye Yankovets bildirib.

“ACI Europe” qabaqcıl təcrübələrin bölüşdürülməsində, konfransların və sərgilərin təşkilində, hava limanlarında innovasiyaların və texnoloji yeniliklərin təşviqində mühüm rol oynayır. Azərbaycan aeroportlarının Hava Limanları Şurasına qoşulması dünya hava limanları ilə fəal əməkdaşlıq üçün unikal imkanlar açır, o cümlədən qlobal aviasiya siyasətinin və qanunvericiliyin inkişafına töhfə verir. Həmçinin Bakı və Gəncə aeroportları hava limanlarının təkmilləşdirilməsi, ötürmə qabiliyyətinin artırılması, menecerlərin peşəkar akkreditasiyası və müştərilərə xidmət üzrə akkreditasiya proqramlarında iştirak hüququ əldə edəcəklər.

Dünyanın 1925 aeroportunun kollektiv mövqeyini təmsil edən ACI Beynəlxalq Mülki Aviasiya Təşkilatı (ICAO), Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası (IATA), Mülki Hava Naviqasiya Xidmətləri Təşkilatı (CANSO), Avropa Hava Naviqasiyasının Təhlükəsizliyi Təşkilatı (Eurocontrol) və aviasiya sənayesinin digər əsas oyunçuları ilə də əməkdaşlıq edir.

Paylaş: