Konstitusiya Məhkəməsinin Plenumunun iclasında Ali Məhkəmənin müraciəti əsasında konstitusiya işinə baxılıb
Fərhad Abdullayevin sədrliyi ilə Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası keçirilib.
Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən verilən məlumata görə, məhkəmə iclasında Ali Məhkəmənin müraciəti əsasında “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 50.1-ci və 53-cü maddələrinin, Mülki Məcəllənin 139-1.1.2-ci və 139-1.1.4-cü maddələrinin və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.2-ci və 8.0.4-cü maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin I hissəsi və 129-cu maddəsinin I və II hissələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair konstitusiya işinə baxılıb.
Konstitusiya Məhkəməsinin Plenumu iş üzrə hakim İ.Nəcəfovun məruzəsini, maraqlı subyektlər Ali Məhkəmənin və Milli Məclis Aparatının mülahizələrini, Bakı Apellyasiya Məhkəməsinin mütəxəssis mülahizəsini və iş materiallarını araşdırıb müzakirə edərək qərar qəbul edib.
Qərarda deyilir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 53.1-ci və 53.3-cü maddələri ilə nəzərdə tutulmuş hallarda tələbkarın borclunun üzərinə həbs qoyulmuş əmlakını qəbul etməsinin nəticələrinin rəsmiləşdirilməsi qaydasına dair, habelə əmlak üzərində tələbkarın mülkiyyət hüququnun dövlət qeydiyyatı üçün əsasın müəyyən edilməsi məqsədilə Mülki Məcəllənin 139-1 və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddələrində müvafiq tənzimləmənin həyata keçirilməsi Milli Məclisə tövsiyə edilsin.
Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin I və III hissələrinə, 60-cı maddəsinin I hissəsinə, 129-cu maddəsinin I və II hissələrinə və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunan hüquqi mövqelərə əsasən, məsələ qanunvericilik qaydasında həll edilənədək “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 53.1-ci və 53.3-cü maddələri ilə nəzərdə tutulmuş hallarda tələbkarın borclunun üzərinə həbs qoyulmuş əmlakını qəbul etməsi tələbkarın həmin əmlakın qəbulu ilə bağlı iradə ifadəsini özündə əks etdirən və icra məmuru tərəfindən imzalanan protokolla rəsmiləşdirilməli və həmin əmlak üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatı bu protokol əsasında aparılmalıdır.
Qərar dərc edildiyi gündən qüvvəyə minir, qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv oluna, dəyişdirilə, yaxud rəsmi təfsir edilə bilməz.
COP29-da yeni iqlim hədəfi müəyyən...
Antonio Quterreş: COP29-da əldə olunmuş...
COP29: Bakı 1,3 trilyon dollarlıq yeni...
COP29-un bağlanış plenar iclası...
Marina Silva: İqlim maliyyəsi ilə bağlı...