KOB subyektləri haqqında məlumatlar vahid reyestrdə toplanacaq
“Mikro, kiçik və orta sahibkarlığın inkişafı haqqında” Azərbaycan Respublikasının Qanununda mikro, kiçik və orta sahibkarlıq subyektlərinin vahid reyestrinin yaradılması nəzərdə tutulub. Bundan irəli gələrək Azərbaycan Respublikası Prezidentinin 13 may 2024-cü il tarixli Fərmanı ilə “Mikro, kiçik və orta sahibkarlıq subyektlərinin vahid reyestri haqqında əsasnamə” təsdiq olunub.
Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) verilən məlumata görə, sözügedən əsasnamə reyestrin fəaliyyətinin hüquqi, təşkilati və texnoloji əsaslarını, o cümlədən reyestrin aparılması qaydasını və buraya daxil edilməli olan məlumatların siyahısını müəyyən edir.
Müvafiq əsasnaməyə uyğun olaraq yaradılacaq reyestr KOB-lar, onlara dövlət qurumlarının göstərdiyi xidmətlər və dəstək tədbirləri, fəaliyyətlərinin qiymətləndirilməsi nəticələri barədə məlumatların vahid elektron mənbədən əldə edilməsinə imkan verəcək. Reyestr ilə digər dövlət informasiya sistemləri və ehtiyatları arasında informasiya mübadiləsinin aparılması Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə həyata keçiriləcək. Reyestr KOB subyektləri barədə zəruri məlumatların operativ əldə olunmasına, istifadəçilər üçün rahatlığın təmin edilməsinə, həyata keçirilən prosedurlar və onların nəticələrinin izlənilməsi mümkünlüyü ilə şəffaflığı təmin edəcəkdir.
KOB subyektləri haqqında müxtəlif məlumatlar, o cümlədən subyektin adı, ünvanı, VÖEN-i, dövlət qeydiyyatına dair dövlət reyestrindəki məlumatlar, əlaqə vasitələri, meyarlara görə bölgü, verilmiş lisenziya və icazələr, fəaliyyət sahəsi, keçirilmiş yoxlamalar (monitorinqlər), dövlət qurumları tərəfindən həyata keçirilən qiymətləndirmənin nəticələri və s. reyestrdə öz əksini tapacaq.
KOB subyektləri, reyestrin informasiya proseslərində iştirak edən dövlət qurumları, KOB-lara dəstək infrastrukturunu təşkil edən qurumlar sözügedən reyestrdən istifadə edə biləcəklər.
Reyestrin sahibi və operatoru Kiçik və Orta Biznesin İnkişafı Agentliyidir.
Reyestrdəki məlumatların əldə edilməsinə görə ödəniş tələb olunmur.
COP29 zolaqlarında yol nişanlarının...
COP29: İsrailin aerokosmik şirkəti...
İstanbulda I Enerji Forumu çərçivəsində...
Nazir Rəşad Nəbiyev İsrailin nəqliyyat...
Prezident Ərdoğan: Bakıda keçirilən...