22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

İyunun 13-ü Beynəlxalq Albinizm haqqında Maarifləndirmə Günüdür

13-06-2024
IMG

Albinizm dəriyə anadangəlmə rəng verən piqmentin olmaması ilə xarakterizə olunur. Cəmiyyətimizdə albinosları “fosforlu adam da adlandırırlar. Albinos “albus”, yəni “ağ” sözündən yaranıb.

Fhnews.az xəbər verir ki, BMT Baş Assambleyasının 18 dekabr 2014-cü il tarixli qərarı ilə təsis edilmiş Beynəlxalq Albinizm haqqında Maarifləndirmə Günü 2015-ci ildən başlayaraq hər il iyunun 13-də qeyd olunur.

Albinizm doğuş zamanı mövcud olan nadir, yoluxucu olmayan, genetik irsi fərqdir. Bu sindromun demək olar ki, bütün növləri halında, hətta özləri albinizmdən əziyyət çəkməsələr də, onun ötürülməsi üçün hər iki valideyn bu genin daşıyıcısı olmalıdır. Belə vəziyyət etnik mənsubiyyətindən asılı olmayaraq hər iki cinsdən olan insanlarda və dünyanın bütün ölkələrində baş verir.

Albinizmin yayılma coğrafiyası müxtəlif olsa da, Şimali Amerika və Avropada hər 20 min nəfərdən birində albinizmin hansısa formada təcəlli etdiyi təxmin edilir. Bu vəziyyət Afrikanın Səhra regionundan cənub-şərqdə yerləşən ölkələrdə daha çox rast gəlinir (hər 5000 nəfərdən 1 insan).

Albinizm saçda, dəridə və gözlərdə piqmentin (melanin) çatışmazlığı ilə nəticələnir ki, bu da günəş şüasına və parlaq işığa qarşı həssaslığa səbəb olur. Nəticədə, demək olar ki, bütün albinizmi olan insanlarda görmə pozğunluğu var və dəri xərçənginə tutulma ehtimalı daha yüksəkdir. Bəzi ölkələrdə albinizmdən əziyyət çəkən insanların əksəriyyəti 30-40 yaş arasında dəri xərçəngindən ölür. Bundan əlavə, albinizm tez-tez müxtəlif şiddətdə görmə pozğunluğuna səbəb olur. Albinizmin mərkəzi faktoru olan melanin çatışmazlığının müalicəsi yoxdur.

Albinizmdən əziyyət çəkən insanlar bütün dünyada çoxsaylı ayrı-seçkilik formaları ilə üzləşir. Bu sindrom həm sosial, həm də tibbi baxımdan hələ də səhv başa düşülür. Çox vaxt albinizmdən əziyyət çəkən insanların görünüşü rişxənd obyektinə çevrilir, mövhumatların təsiri altında formalaşan yanlış təsəvvürlər və miflər yaranır. Bütün bunlar həmin şəxslərin marjinallaşmasına və sosial təcrid olunmasına şərait yaradır, həmçinin ayrı-seçkiliyin müxtəlif formalarına gətirib çıxarır.

Bəzi icmalarda xurafatdan güclü şəkildə təsirlənən yanlış təsəvvürlər və miflər albinizmi olan insanların təhlükəsizliyini və həyatını daim risk altında qoyur. Üstəlik, kino sənayesində albinizmdən əziyyət çəkən insanlar nadir hallarda realist fonda təsvir edilir, onlar yaramazlar, cinlər və ya qəribələr kimi təqdim olunur.

Albinizmi olan insanlara qarşı zorakılıq əsasən ictimai sükutla, laqeydliklə qarşılanır və nadir hallarda cinayətkarlar barəsində təhqiqatlar və ya onların mühakimə olunması ilə nəticələnir. Buna görə də 2013-cü ildə BMT-nin İnsan Hüquqları Şurası dövlətləri albinizmdən əziyyət çəkən insanlara qarşı hər cür ayrı-seçkiliyin aradan qaldırılması üçün təsirli tədbirlər görməyə çağıran qətnamə qəbul edib. Həmçinin bu xəstəliklə bağlı maarifləndirmə sahəsində fəaliyyətə başlamaq tövsiyə edilib.

Paylaş: