23 noyabr 2024, şənbə Bakı, 13°C
IMG-LOGO

İtaliyalı ekspert: Azərbaycan göstərdi ki, yanacaq enerjisi nəzərə alınmasa, əsl “yaşıl” keçid reallaşa bilməz

23-01-2024

Bu il Azərbaycanda dünyanın ən irimiqyaslı tədbirlərdən biri hesab olunan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29 keçiriləcək. Noyabr ayında paytaxt Bakının ev sahibliyi edəcəyi COP29-un Azərbaycanda keçirilməsi ölkəmizin artan nüfuzunun ən parlaq göstəricilərindən biridir.

Tədbirin ölkəmizdə keçirilməsi barədə yekdil qərar ötən il dekabrın 11-də Dubayda keçirilən COP28-in plenar iclasında qəbul edilib. Azərbaycan indiyədək bir çox beynəlxalq tədbirlərə ev sahibliyi edib və onları ləyaqətlə həyata keçirib. Lakin Prezident İlham Əliyevin dediyi kimi, COP29-u indiyədək təşkil olunmuş tədbirlərlə müqayisə etmək olmaz. Belə ki, iki həftə ərzində Bakı dünyanın mərkəzinə çevriləcək və 70-80 minə yaxın xarici qonağı qəbul edəcək.

Ümumiyyətlə, qarşıdakı illər ərzində ölkədə bərpa olunan enerji mənbələrinin inkişafı istiqamətində bir çox yeniliklər gözlənilir, Şərqi Zəngəzur və Naxçıvanda bu sahədə bir sıra məqsədlərə nail olunması nəzərdə tutulur. Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair milli prioritetlərindən birinin “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” kimi müəyyən edilməsi, 2024-cü ilin Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan olunması, işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının, habelə Naxçıvan Muxtar Respublikasının “yaşıl enerji” zonası elan edilməsi aparılan məqsədyönlü dövlət siyasətinin tərkib hissəsidir.

Fhnews.az xəbər verir ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının Azərbaycanda keçirilməsi ilə bağlı AZƏRTAC-ın suallarını beynəlxalq münasibətlər üzrə italiyalı ekspert Salvator Santajelo cavablandırıb.

- İlk öncə, Azərbaycanın COP29-u uğurla keçirmək səylərini necə qiymətləndirirsiniz?

Ölkə ən çətin məsələnin öhdəsindən artıq gəlib: beynəlxalq ictimaiyyətin neft-qaz ölkələrinə geniş inamsızlığı səbəbindən tədbirin keçirilməsi ilə bağlı konsensusa nail olmaq asan olmadı. Sonda Azərbaycan tenderdə qalib gələrək dünyaya, eləcə də “enerji həmkarlarına”, yəni digər enerji ixrac edən ölkələrə göstərə bildi ki, yanacaq enerjisi nəzərə alınmazsa, əsl “yaşıl” keçidin reallaşması və iqlim dəyişikliyinə qarşı real mübarizə baş verə bilməz. Bu, tarixi hadisə olacaq və bütün amillər onu deməyə əsas verir ki, ölkə bu fürsətdən uğurla istifadə edəcək. COP29-a təxminən on ay qalıb, lakin ölkə artıq marketinqdən tutmuş seçim komitələrinə qədər tədbirə intensiv şəkildə hazırlaşır.

- Azərbaycanda keçiriləcək COP29 iqlim dəyişikliyi ilə mübarizə üçün gələcək addımların müəyyən edilməsində mühüm rol oynayacaq. Sizcə, konfransda hansı mövzular əsas təşkil edəcək? Konfransın gündəliyinə hansı məsələlərin daxil edilməsini zəruri hesab edirsiniz?

Beynəlxalq ictimaiyyətin iqlim əsaslı mövcud beynəlxalq paktların icra vəziyyətini qiymətləndirmək üçün Azərbaycanda toplanacağı gözlənilir. BMT mənbələrinə görə, COP29 üzvləri tərəfindən digər məsələlərlə yanaşı, ilk gücləndirilmiş şəffaflıq çərçivəsini və maliyyə ilə bağlı yeni hədəfləri yekunlaşdıracaqları gözlənilir.

- Azərbaycan qlobal “yaşıl gündəliy”in həyata keçirilməsinə hansı töhfəni verə bilər və bu baxımdan Azərbaycanda “yaşıl enerji”nin inkişafı istiqamətində həyata keçirilən tədbirləri necə qiymətləndirirsiniz? Sizcə, Azərbaycan bu məqsədə çatmaq üçün nə etməlidir?

Azərbaycan böyük neft və qaz ölkəsidir və bu o deməkdir ki, onun təmiz iqtisadiyyata keçid öhdəliyi dünyanın digər neft ölkələri üçün nümunə ola bilər. Azərbaycanda “yaşıl enerji” layihələrinin sayı getdikcə artır, onların bir çoxu xarici oyunçular, o cümlədən İtaliya və digər Avropa enerji korporasiyaları tərəfindən maliyyələşdirilir və proqnoz ümumilikdə çox müsbətdir. Fikrimcə, ölkə günəş elektrik stansiyalarına qoyulan sərmayələrlə yanaşı, daha çox külək elektrik stansiyalarını və su elektrik stansiyalarını maliyyələşdirməyə çalışmalı, eyni məqsədlə daha çox beynəlxalq investor cəlb etməlidir.

- Ölkəmizin iqlim gündəliyinə və dekarbonizasiya planlarına sadiqliyini necə qiymətləndirirsiniz?

Azərbaycan enerjinin şaxələndirilməsinə və “yaşıl keçid”ə çoxlu resurs yatırır. Son bir neçə ildə günəş və külək enerjisi ilə bağlı onlarla layihə maliyyələşdirilib və inkişaf etdirilib. Üstəlik, onların müvafiq hissəsi “yaşıl” hidrogen sənayenin qurulması istiqamətində ilk addımların atılması fonunda xarici ölkələrin və investorların artan marağının nəticəsidir. İnvestisiyaya əlavə olaraq, ölkə könüllü olaraq 2040-cı və 2050-ci illərə qədər təmiz enerji iqtisadiyyatı qurmağı öhdəsinə götürüb və karbon emissiyalarını 40 faiz azaltmağı planlaşdırır. İqlim məqsədlərinə nail olmaq üçün ölkə 2016-cı ildə ilk “yaşıl” inkişaf göstəricilərini hazırlayıb və iqlimə uyğun məqsədləri “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” və “Azərbaycan Respublikasının 2022─2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” kimi əsas sənədlərə daxil edib.

- Cənubi Qafqazın dünya iqtisadiyyatına inteqrasiyasında Azərbaycanın rolunu necə qiymətləndirirsiniz?

Azərbaycansız Cənubi Qafqaz qlobal rola malik ola bilməz. Azərbaycan bir tərəfdən Avropaya aparıcı enerji ixracatçısı kimi çıxış edir, digər tərəfdən isə Avrasiyanın dörd əsas istiqamətini birləşdirən bir növ mərkəzə çevrilib. Ölkə Avropa-Mərkəzi Asiya-Çin ticarətində və beynəlxalq Şimal-Cənub dəhlizində böyük rola malikdir. Hazırda Azərbaycan Ermənistanla sülh prosesini sürətləndirməyə çalışır, çünki Qarabağ probleminə görə indiyədək regionun potensialı lazımi şəkildə inkişaf etdirilə bilməyib. Bu gün Azərbaycanın suverenliyinin tam bərpa olunduğu və Ermənistanla sülhün yaxınlaşdığı bir vaxtda Cənubi Qafqazda siyasi vəziyyətin sabitləşməsi müşahidə olunur. Gürcüstandakı separatizm problemi və Ermənistanın coğrafi məhdudiyyəti səbəbindən Azərbaycan regionda Avrasiya körpüsü rolunu oynaya biləcək yeganə ölkədir.

Paylaş: