Ürək damar cərrahı, tibb üzrə fəlsəfə doktoru Ramil Əliyev infarktın əsas simptomlarından danışıb. Fhnews.az Azərbaycanın səhiyyə xəbər portalına istinadən xəbər verir ki, həkim R. Əliyevin sözlərinə görə, döşün sol tərəfində, sol çiyin və qolda kəskin ağrılar, baş hərlənməsi, titrətmə, zəiflik, qan dövranının zəifləməsinə görə xəstənin rənginin solması, soyuq tər və hava çatışmamazlığı, eləcə də arterial təzyiqin kəskin qalxması və ya düşməsi, sürətli nəbz, xəstədə panika vəziyyəti infarktın əsas simptomlarıdır.
Ramil Əliyev qeyd edib ki, bu zaman dərhal təcili tibbi yardım çağırılmalıdır. Tibbi yardım gələnə qədər xəstəyə ilkin yardım göstərilməlidir:
- Otağa hava gəlməsi üçün pəncərələri açmaq, kondisioneri yandırmaq;
- Dilin altına nitroqliserin həbi qoymaq. Bu üsulla dərman qana daha tez keçir və ağrı hissi biraz azalır;
- Həmçinin qanın laxtalanmasını gücləndirmək üçün 300 mq aspirini xəstə çeynəməlidir;
- Baş hissəsini bir qədər yüksəkdə olmaqla xəstəni yatağa uzadıb, onun üçün tam sakitlik yaradın, hərəkət etməyə və hətta danışmağa belə qoymayın. Özünüzü sakit aparın. Xəstə ətrafdakıların onun vəziyyətindən qorxaraq təlaş keçirdiklərini hiss etməməlidir.
"Xəstə huşunu itiribsə, amma ritmik nəbz yoxdursa xəstəni qurtarmaq üçün 3-5 dəqiqəniz var. Bunun üçün xəstəyə dərhal ürək-ağciyar renimasiyası etməlisiniz. Bunun üçün etməli olduğunuz alqoritmi yadınızda saxlayın:
- Dayanmış ürəyi qaytarmaq üçün 30-40 sm yüksəklikdən xəstənin döş qəfəsinə yumruqla zərbə endirməlisiniz (prekardial zərbə). Sonra yuxu arteriyasında nəbzi yoxlamalı və nəbz hiss etmədikdə dərhal ürək masajı və süni tənəffüs edilməlidir;
- Xəstənin başını maksimal dərəcədə arxaya atmalı, hər 15 masaj hərəkətindən sonra xəstənin burun və ağzına 2 dolu tənəffüs edilməlidir.
Yardım hərəkətlərini 5-7 dəqiqə xəstə ayılanadək etmək lazımdır", - deyə həkim bildirib.