23 noyabr 2024, şənbə Bakı, 13°C
IMG-LOGO

İlin əvvəlindən 4 minə yaxın kommersiya qurumu dövlət qeydiyyatından keçib

14-05-2024
IMG

Cari ilin may ayının 1-nə respublika üzrə uçotda olan 1 milyon 547 min 914 vergiödəyicisinin 87,3 faizi fiziki şəxs, 12,7 faizi hüquqi şəxs və digər təşkilatlar olub.

Fhnews.az Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə vergiödəyicilərinin ümumi sayı 7,3 faiz, o cümlədən fiziki şəxslərin sayı 7,3 faiz (ümumi artımın 86,5 faizi), hüquqi şəxslərin sayı isə 7,8 faiz (ümumi artımın 13,5 faizi) artıb.

Təhlil aparılan dövrdə vergiödəyicilərinin ümumi sayında hüquqi şəxslərin xüsusi çəkisi 12,7 faiz olub.

Kommersiya qurumlarının sayı 180 min 174 vahid təşkil edib və müqayisə edilən dövr ərzində 8,5 faiz artıb.

Bu ilin yanvar-aprel aylarında 3995 vahid kommersiya qurumu dövlət qeydiyyatından keçib ki, bunun da 3583-i yerli investisiyalı, 412-si xarici investisiyalı qurumlardır. Dövlət qeydiyyatından keçmiş kommersiya qurumlarının 78,5 faizi elektron qaydada edilmiş müraciətlər əsasında qeydə alınıb.

Cari ilin may ayının 1-nə dövlət qeydiyyatında olan kommersiya hüquqi şəxslərin 91 faizi məhdud məsuliyyətli cəmiyyət, 1,2 faizi səhmdar cəmiyyət, 1,1 faizi kooperativ və s. formalarda yaradılıb. Hesabat dövrünə dövlət qeydiyyatında olan 115 min 547 kommersiya qurumunun vəziyyəti aktiv olub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə aktiv kommersiya qurumlarının sayı 11,1 faiz artıb, xüsusi çəkisi isə 1,4 faiz artaraq 64,1 faiz olub.

2024-cü ilin may ayının 1-nə dövlət qeydiyyatında olan kommersiya qurumlarının tərkibində aktiv ƏDV ödəyicilərinin sayı 36 min 721 vahid təşkil edərək 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 14,6 faiz artıb. ƏDV ödəyicilərinin ümumi qeydiyyatda xüsusi çəkisi 31,8 faiz təşkil edib.

Paylaş: