II Xələc yaşayış yerində arxeoloji araşdırmalar davam edir
Xələc arxeoloji ekspedisiyası Şərur rayonunun Xələc kəndi ərazisində fəaliyyət göstərir. Ekspedisiyanın məqsədi Azərbaycanın Yaxın Şərqlə sərhəd bölgəsində, xüsusilə Naxçıvan diyarında qədim arxeoloji mədəniyyətlərarası keçidin xüsusiyyətləri və Cənubi Qafqaz - Yaxın Şərq əlaqələrində yeri ilə bağlı faktları araşdırmaqdan ibarətdir.
Fhnews.az xəbər verir ki, Akademiyadan verilən məlumata görə, Xələc arxeoloji ekspedisiyası AMEA Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun Arxeoloji xidmət şöbəsinin müdiri tarix üzrə fəlsəfə doktoru, dosent Zeynəb Quliyevanın rəhbərliyi ilə iyun ayının 20-dən fəaliyyətə başlayıb.
Bu gün AMEA Naxçıvan Bölməsi və Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi əməkdaşlarından ibarət komissiya qazıntı yerinə baş çəkib, aparılan araşdırmaların vəziyyəti ilə tanış olub.
Ekspedisiyanın rəhbəri Zeynəb Quliyeva komissiya üzvlərinə qazıntıların mahiyyəti və hələlik əldə olunan ilkin nəticələr barədə məlumat verib. Tədqiqatçı bildirib ki, ekspedisiya üzvləri ilk qazıntılara II Xələc yaşayış yerində başlayıb. Abidə cari ilin aprel ayında Xələc kəndi ərazisində aparılan kəşfiyyat araşdırmaları zamanı qeydə alınıb. İlkin qazıntılar zamanı müxtəlif dövrlərə aid keramika nümunələrinin qeydə alınması buranın çoxtəbəqəli abidə olduğunu göstərirdi. Lakin təbəqələr dərinləşdikcə üzə çıxarılan tikili qalıqları burada Antik dövrə aid yaşayış kompleksinin olduğunu deməyə əsas verir. Həmin dövrə aid Azərbaycanın Naxçıvandan şimaldakı bölgələrində (Ağdam, Ağdərə, Tərtər, Qəbələ) geniş arxeoloji tədqiqatlar aparılsa da, Naxçıvanda Neolit, Eneolit, Tunc dövrləri fonunda arxa planda qalmışdır. Bu baxımdan II Xələcdən aşkar edilən tapıntılar Naxçıvanda Antik dövr mədəniyyətinin öyrənilməsi üçün əhəmiyyətlidir.
Tədqiqatlar zamanı 3 qazıntı sahəsi açılmışdır. A sahəsində dördkünc formalı 2 binanın divarları 30-51 sm hündürlükdə sağlam şəkildə üzə çıxarılmış, ikinci binanın 2 divarı aşkarlanmışdır. Bu binada diqqət çəkən başlıca cəhətlərdən biri divarın çəhrayı rəngli keramik təbəqə ilə suvanmış olmasıdır. Keramik suvaq digər otağın suvağından daha səliqəli və möhkəmdir. Bir yerdə isə saxsı suvaqlı divar 45-47 sm enində boşluqla kəsilmişdir. Məhz həmin boşluğun altından daş sütun altlığı aşkar edilmişdir. Bu fakt həmin tikilinin Antik dövr saray binasına aid olması ilə bağlı ilkin fikir formalaşdırır. Qeyd etmək lazımdır ki, vaxtı ilə Oğlanqala yaşayış yerində bu tip sütun altlıqları qeydə alınmışdır. Həmçinin Sarıtəpə, Xınıslı, Qəbələ abidələrində saray tipli binalara aid sütunların daş bazaları aşkar olunmuşdur. II Xələcdə aşkar edilən tikili təkcə sütun altlığı və keramik suvanması ilə deyil, həm də açıq yaşıl gil qarışıqlı ağ kirəcli döşəməsi ilə mükəmməl bir memarlıq mədəniyyətini nümunəsidir.
Abidədən əsasən sarı-çəhrayı rəngli, sadə, qismən də boyalı, boya naxışlı, tək nümunələr şəklində nəfis hazırlanmış şirli, eyni zamanda hislənmiş saman tərkibli keramika nümunələrinin də aşkar olunması bu abidədə yaşayışın Dəmir, Tunc, qismən də Son Eneolit dövrü kimi daha qədim dövrlərə söykəndiyini göstərir. Maraqlıdır ki, bu dövrlərin daha qədim mərhələsinə aid keramika nümunələri I Xələc yaşayış yerindən aşkar edilmişdir. Bu iki yaşayış yerinin bir-birinin davamı olması ehtimalı da mövcuddur.
Hələlik əldə edilən ilkin tapıntılar nisbi xronologiyanı e.ə. I minilliyin ikinci yarısı – eramızın III-IV əsrləri arasında müəyyənləşdirməyə imkan verir. Abidənin mütləq xronologiyası isə aparılacaq C14 analizləri təyin ediləcəkdir.
Araşdırmaların I mərhələsi maddi mədəniyyət abidəsi, keramika nümunələri və başqa arxeoloji materialların aşkar olunması ilə əlamətdardır. İyulun 28-dək davam edəcək qazıntıların növbəti mərhələsində də yeni faktların əldə ediləcəyi istisna edilmir.
Dayanıqlı İnkişaf Məqsədləri və...
Burkina Fasonun nümayəndə heyəti...
Dövlət Gömrük Komitəsi xidmətə qəbul...
Bu gün Ümumdünya Fəlsəfə Günüdür...
Türkiyənin media mənsubları Ədəbiyyat...